Oktyabrın 24-də vəkil Bəhruz Bayramov MTN-in istintaq təcridxanasında jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimli ilə görüşüb. “Media forum”a danışan vəkil bildirib ki, jurnalist saxlanma şəraitindən, istintaqın ləng aparılmasından şikayətlənib: “Pərviz saxlanılan kameraya yenə baxış keçirilib və onun qeydləri diqqətlə yoxlanılıb. Jurnalist onunla hərbi əsir kimi davranılmasına etiraz edir. O, təcridxanadan prezident İlham Əliyevə səslənərək hüquqlarının pozulduğunu vurğulayır və ailə üzvləri, körpə qızı ilə əlaqə saxlamağa imkan verilmədiyindən şikayətlənir. Prezidentdən xahiş edir ki, onun ailə üzvləri ilə görüşməsinə imkan yaradılması barədə göstəriş versin”.
Bəhruz Bayramov bildirib ki, Pərviz Həşimli ombudsman Elmira Süleymanovanı MTN-in istintaq təcridxanasına dəvət edib: “Dedi ki, xahiş edirəm şəxsən Elmira xanım mənə baş çəkib şikayətlərimi dinləsin, saxlanma şəraitimlə tanış olsun”.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı) və 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma) maddələri ilə cinayət işinə başlayıb.
Sorğu
Yeni dizaynımız necədir?