Editor.az parlamentin fəaliyyətinə, deputat-seçici münasibətləri ilə bağlı məsələlərə xüsusi önəm verdiyindən oxuculardan da mütəmadi olaraq müraciətlər alırıq. Belə müraciətlərdən biri də redaksiyamıza 121 saylı Laçın seçki dairəsinin seçicisi tərəfindən daxil olub. Ağcəbədi rayonunda yerləşən və məcburi köçkünlər üçün inşa olunan şəhərcikdə məskunlaşan, təhlükəsizliyinə təminat olmadığından adının çəkilməməsini xahiş edən seçici onları parlamentdə təmsil edən deputat, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun qardaşı Nazim Fərəcovun fəaliyyətindən narazılıq edir.
Məktubu olduğu kimi diqqətinizə çatdırırıq:
Hörmətli redaksiya!
“Saytınızda vaxtaşırı olaraq deputatlar haqqında seçicilərin müraciətlərini oxuyuruq. Və bu müraciətlərlə tanış olandan sonra bir daha anladıq ki, bu gün parlamentdə seçicilərini unudan, onların problemlərini yaxına belə buraxmayan millət vəkillərinin sayı az deyil. Biz də oxşar problemdən əziyyət çəkirik və parlamentdə bizi təmsil edən deputat Nazim Fərəcovun “lampa işığı”nda axtarışına çıxmışıq.
Bilirsiniz ki, laçınlılar ən böyük zərbəni ermənilərdən alıb. 20 ilə yaxındır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Rayon sakinləri paytaxtda və ölkənin digər rayonlarında qərarlaşıblar. Mən hazırda ailəmlə birgə Ağcəbədi rayonunda yerləşən məcburi köçkünlər üçün inşa edilmiş şəhərcikdə yaşayıram.
Cənab prezident İlham Əliyev dəfələrlə öz çıxışında bəyan edib ki, məcburi köçkünlər aztəminatlı, qayğıya ehtiyacı olan təbəqəni təmsil edir və onlara ehtiramla yanaşmalıyıq. Bizim üçün inşa edilən şəhərciyin tikilməsi də məhz cənab prezidentin tapşırığı əsasında mümkün oldu. Amma bütün problemlərimizlə ölkə başçısı məşğul ola bilməz. Onun hər rayona təyin etdiyi rəhbər, bizim etimad göstərdiyimiz millət vəkilləri var. Onları isə qətiyyən tapa bilmirik.
Nazim Fərəcovu sonuncu dəfə 2010-cu ilin parlament seçkiləri öncəsi görmüşük. Gəlib bizdən ona səs verməyimizi xahiş edirdi. Bizi əmin etdi ki, bütün gücü ilə seçicilərin problemlərini həll etməyə çalışacaq. Bizdə onun vədlərinə inanıb, seçkilərdə ona səs verdik. Seçkilərdən sonra isə birdəfəlik qeybə çəkildi. Bilsəydik belə olacaq, ona səs verməzdik.
Dəfələrlə müxtəlif məsələlərlə bağlı ona müraciət etmək istəsək də, bu cəhdlərimiz alınmayıb. Onun telefonlarına zəng çatmır. Nadir hallarda telefonu açıq olur ki, bu halda da dəstəyi qaldırmır. Köməkçiləri barədə də heç bir məlumatımız yoxdur. Halbuki qanuna görə, deputatın seçildiyi dairədə ən azı bir köməkçisi fəaliyyət göstərməlidir. Onun fəaliyyətilə bağlı parlament rəhbərliyinə etdiyimiz şikayətlərə heç bir cavab verilmir.
Qonşularımızdan biri çətinliklə də olsa bir dəfə onunla təmas yarada bilmişdi. Problemlərini deputata xatırladanda isə “elə etmə ki, başın ağrısın” şəkilndə reaksiya verərək, heç kimdən çəkinmədiyini söyləmişdi. Seçicinin “axı seçkidə bizə vəd vermişdiniz” iradına isə “məni siz seçmisiniz ki, sizə də hesabat verim” söyləyərək, ondan bir daha onu narahat etməməyi tələb etmişdi. Əgər biz onu seçməmişiksə, onda niyə seçkilər öncəsi gəlib bizdən səs istəyirlər.
Xahiş edirik ki, bizi Nazim Fərəcov müsibətindən qoruyasınız. Hər tərəfdən dəstəklə əhatə olunan, arxasında ciddi qüvvələrin dayandığı Nazim Fərəcovun hərəkətləri “Burada mənəm, Bağdadda kor xəlifə” misalını xatırladır və o, heç kimi, o cümlədən seçicilərini də saya salmır”.
Ünvanına səslənən ittihamlarla bağlı deputat Nazim Fərəcovdan münasibət öyrənmək istəsək də, millət vəkilinin əlaqə vasitələrini tapa bilmədik. Arzu edərsə onun da mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?