Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) mühasibi Mübariz Diniyev Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Virtualaz.org BBC-nin Azərbaycan xidmətinə istinadən xəbər verir ki, bu barədə mərkəzin icraçı direktoru Bəşir Süleymanlı bildirib. Onun sözlərinə görə, “mühasibdən işçilərin əmək haqları və gördüyü işlərə görə xidmət haqqları barədə sorğu-sual edilib”.
Ağır Cinayətlərə dair İstintaq İdarəsi oktyabrın 31-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə SMDTM-nin ofisində keçirdiyi istintaq baxışı zamanı bəzi sənədlər və elektron cihaz götürüb. Təşkilatın sədri Anar Məmmədli BBC-yə deyib ki, Baş Prokurorluq üç maddə üzrə araşdırmalara başlayıb:“Bizə göstərilən məhkəmə qərarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergidən yayınma və qanunsuz sahibkarlıqla bağlı cinayət işinin açıldığı qeyd olunmuşdu. Fakt üzrə bu günə qədər təqsirləndirilən şəxs yoxdur. Mən də daxil olmaqla dindirilən 4 nəfər şahid kimi ifadə verib”.
A.Məmmədli araşdırmaların aparılmasını təşkilatın fəaliyyəti ilə bağlı olduğunu iddia edib: “Araşdırma vergi məsələsi ilə əlaqəli olsaydı, bu yoxlamanı Vergilər Nazirliyi aparardı. Amma cinayət işi açılıb, məhkəmənin qərarı var. Bizim adımız dünyanın tanınmış təşkilatlarının hesabatlarında çəkilir. Bu da təsadüfi deyil”.
Təşkilat rəhbərinin sözlərinə görə, ofisdən müxtəlif illərə aid olan 20-dək hesabat, press-reliz və 3 kompüter aparılıb.
Qeyd edək ki, ABŞ-ın hökumət agentlikləri bu təşkilata Azərbaycanda keçirilən prezident seçkilərinin monitorinqi üçün böyük məbləğdə qrant ayırıb. SMDTM-nin seçkilərə dair hazırladığı rəy ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəyi ilə oxşardır. ABŞ hökumət agentliklərinin rəsmi qeydiyyatı ləğv edilən və müxalif mövqeyini gizlətməyən təşkilata seçkilərin monitorinqi üçün yüz minlərlə dollar qrant ayırması Bakıda ciddi suallar doğurub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?