İqtisadçı Rövşən Ağayev qiymət artımı anonsuna münasibət bildirdi
“Məmurların korrupsiya maraqları kommunal sektorun uzunmüddətli konsessiya əsasında peşəkar və nüfuzlu beynəlxalq şirkətlərin idarəçiliyi altına keçməsinə imkan vermir”.
Bunu kommunal xidmət tariflərinin artırılacağı ilə bağlı məlumatları şərh edən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev deyib.
“Enerji paylaşdırıcı, qazpaylaşdırıcı şəbəkələrin və iri şəhərlərin içməli su təsərrüfatının 45-50 illik konsessiya müqavilələri əsasında peşəkar şirkətlərin idarəçiliyi altında çalışması nəticəsində dövlət büdcəsindən milyardlarla manat pulu havaya sovurmağa ehtiyac qalmayacaqdı” - deyə iqtisadçı söyləyib.
A.Ağayev qeyd edib ki, 2007-2013-cü illərdə dövlət büdcəsi hesabına içməli su təsərrüfatına (“Azərsu”ya) 2,950 milyard manat ayrılıb. Oğuz-Qəbələ-Bakı su layihəsi Neft Fondundan ayrılan vəsaitlər və dövlət büdcəsinin investisiya xərcləri çərçivəsində maliyyələşdirilib. Həmçinin elektrik təsərrüfatına (“Azərenerji” və “Bakıelektrikşəbəkə”yə) 1,730 milyard manat sərf olunub. Qaz təsərrüfatına isə (ARDNŞ-ə) 530 milyon manat xərclənib: “Ümumillikdə 3 sektora hökumətin büdcəsindən 5,2 milyard, beynəlxalq kreditləri nəzərə almaqla 6 milyard manat vəsait xərclənib”.
İqtisadçı qeyib ki, dövlət büdcəsindən ayrılan əvəzsiz maliyyə yardımlarının müqabilində adıçəkilən şirkətlərin təsərrüfat hesablı müəssisələr olduğunu söyləmək məntiqsizdir: “Maliyyə naziri əmək haqlarını artırmaq üçün tariflərin qaldırılmasına ehtiyac olduğunu dedi. Təsərrüfat hesablı müəssisəyə niyə milyardlarla manat əvəzsiz maliyyə yardımları edilməlidir? Eyni yardım “Barmek”ə niyə edilmirdi? Yaxud sabah “Simens” gəlib elektrik təsərrüfatını idarəetməyə götürsə, ona büdcədən milyardlar verəcəksinizmi? Qorxmaz Hüseynov “Azərsu”ya rəhbər təyin ediləndən sonra şirkətin aldığı bahalı minik avtomobillərinin sayı artıb. Həmin maşınları alanda, ofisində bahalı təmir işləri aparanda işçilərin maaşı barədə də düşünmək lazım idi”.
R.Ağayevin fikrincə, ictimai qınaq məhz kommunal sektorun dövlətsizləşdirilməsi ilə bağlı olmalıdır. Əgər bu, baş verməsə, bir tərəfdən büdcə onların cibinə boşalacaq, digər tərəfdən də dövri olaraq tarifləri artırmaqla əhalinin cibi boşalacaq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?