Bakı şəhərində kriminalla dolu olan şirkət ətrafındakı söz-söhbət pik həddə çatıb.
Qazandıqları pulu mənzil üçün "Badi-Kubə" MTK-ya ödəyən insanlar mülklərinə sahib çıxa bilmirlər.
Virtualaz.org xəbər verir ki, bir qrup sakin Milli.Az-a məktub yazaraq “Badi-Kubə” MTK tərəfindən Yeni Günəşli qəsəbəsində “Altun” istirahət mərkəzinin yaxnlığında tikilən binadan mənzil alan insanların hal-hazırda çox pis vəziyyətlə üzləşdiklərini bildirib. Bina sahibi Ədalət Qəmbərov onlara yalan vədlər verərək külli miqdarda pul yığıb, amma verdiyi vədlərin heç birini yerinə yetirməyib.
“Camaat artıq boğaza yığılıb. Çox istərdik ki, siz bu xəbəri işiqlandırasınız. Özbaşınalıq daha da artır. Camaat illərlə işləyib ev alıb köçə bilmir, kirayələrdə qalıblar”, - deyə sakinlər yazır.
Baş Prokurorluqdan vətəndaşların şikayətinə münasibət bildirilib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib ki, vətəndaşlar qeyd edilən şirkətin rəhbərliyi tərəfindən onlara qarşı yol verilmiş qanun pozuntuları, eyni zamanda pozulmuş hüquqlarının bərpa olunması ilə bağlı Baş Prokurorluğa müraciət edə bilərlər.
Qeyd edək ki, “Badi-Kubə” MTK ətrafındakı söhbət bu şikayətlə bitmir. Bu şirkətdə ötən il dəhşətli cinayət də törədilmişdi. Ötən ilin yayında Suraxanı rayonunda fəaliyyət göstərən “Altun” istirahət mərkəzinin sahibi Asif Əsədullazadənin oğlu Türkel “Badi-Kubə” tikən binanın qarşısında Ə.Qəmbərovu güllələyib. Açılan atəş münaqişəyə aidiyyəti olmayan Samid Məmmədovu öldürüb, təsisçini isə yaralayıb.
Məlum olub ki, A.Əsədullazadə Ə.Qəmbərova müraciət edərək 2007-ci ilədək MTK-nın sahibi olmuş şəxslə aralarındakı şifahi razılaşmanı xatırladıb və bina tikilib istifadəyə verildikdən sonra həmin ərazinin sahibi kimi ona hazır binadan 3500-4000 kvadratmetr yaşayış sahəsi verilməli olduğunu bildirib. Ə.Qəmbərov kooperativin yeni sahibi kimi bu şərtlə razılaşaraq binanın tikintisini davam etdirib. 2008-ci ilin avqust-sentyabr aylarında binanın tikintisi üçün A.Əsədullazadə tərəfindən əlaqədar təşkilatlardan müvafiq sənədlər alınmadığından Ə.Qəmbərovla aralarında mübahisə yaranıb. Bundan sonra Ə.Qəmbərov A.Əsədullazadənin dələduzluqla məşğul olması barədə sənədlər toplayaraq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim edib. Asif Əsədullazadəni Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları dələduzluqda təqsirli bilərək saxlayıblar. Bundan əsəbiləşən Türkel Ə.Qəmbərovun işlədiyi binaya gələrək onu öldürmək istəyib.
Eyni zamanda, Ə.Qəmbərovun şikayəti ilə həbs edilmiş Asif Əsədullazadə məhkəmə tərəfindən cəzalandırılıb. Məhkəmənin hökm ilə Asif Əsədullazadə 8 il müddətinə şərti cəza alıb.
Virtualaz.org xatırladır ki, bu, yeni tikilən mənzillərdən ev almaq istəyən vətəndaşların aldadıldığına dair ilk və son fakt deyil. Mətbuat bu tipli hadisələrlə bağlı keçirilən məhkəmə proseslərindən mütəmadi xəbərlər və reportajlar verir. Amma dələduzluq faktları azalmır. Niyə? Ekspertlərin fikrincə, bu həm mövcud qanunvericilikdəki boşluqlarla, həm o tipli əməllərə görə verilən cəzaların azlığı ilə, həm də vətəndaşların özlərinin hüquqi cəhətdən savadsızlıqları ilə bağlıdır.
Bəs nə etməli? Ekspertlər hələlik bir tövsiyə verirlər: yeni binalardan mənzil almaq istəyən vətəndaşlar kiminlə müqavilə bağladıqlarını diqqətlə öyrənsinlər və maksimum ehtiyatlı olsunlar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?