Həyat tərzi Bakı nəqliyyatında gerçəkləşən nağıl kimi təqdim edilən sistemin monitorlarını görənlərdə sual yaranır: görəsən, yollarımızda bütün problemlər bitdimi? Bakı şəhərində sürücünün intellektual nəqliyyat sisteminin monitorlarında yazılan xəbərdarlıqla bağlı yazdığı məktubu oxuyanda belə təəssürat yaranır ki, Bakı yollarında bütün problemlər həll edilib, yerdə qalan sürücülərin kəmərlərini bağlamamasıdır.
Sürücü yazır ki, yeni avtovağzalın yanındakı monitorda gülməli xəbərdarlıq yazılıb. Sumqayıtdan paytaxta gələn sürücülər tıxaca düşməmək üçün ümidlə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) montorlarına baxaraq münasib istiqamət seçmək istəyirlər. Monitorda bu cümlələr yazılıb: "Xahiş edirik, təhlükəsizlik kəmərlərini bağlayın".
Sual olunur, monitorlar bunun üçün quraşdırılırdı?
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a bildirdi ki, monitorlarda sıxlıq olan yol sarı, sərbəst yol yaşıl, tıxacın olduğu yol isə qırmızı rənglə göstərilir. Avtovağzal yaxınlığındakı monitor əraziyə yaxın bir yerdə aparılan təmir-tikinti işləri nəticəsində zədələnib. Nasazlığın aradan qaldırılması üçün işlər aparılır.
Mərkəz rəsmisinin sözlərinə görə, monitor işləmədiyindən ekranda qaranlıq görünməməsi üçün xəbərdarlıq xarakterli yazı yerləşdirilib: “Monitorlarda nasazlıq yaranması təmir-tikinti aparılması ilə bağlı olur, kabellər zədələnir. Bərpa olunur, sonra yenidən zədələnir. Monitor nəzarətdədir və nasazlıq aradan qaldırılır”.
Qeyd edək ki, bu ilin iyul ayında da Milli.Az-a həmin monitorda "Xahiş edirik, təhlükəsizlik kəmərlərini bağlayın" xəbərdarlığı yazılması ilə bağlı məktub daxil olmuşdu. NİİM-dən təmir işləri zamanı kabelin zədələndiyi və qısa zamanda monitorun tam normal şəkildə fəaliyyət göstərəcəyi deyilmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?