Ayağında rezin çəkmələr əllərində isə suyu təmizləmək üçün dəmir parçası olan Mahirə xanımın və qonşularının həyəcan içində hay-həşir salmalarına səbəb evlərinə qəfildən axan su olub. Hadisə isə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
Anspress yazır ki, sakinlər deyirlər ki, səhər saatlarından evlərini və həyətlərinə axan suyun qarşısını ala bilmirlər. Səbəb evlərinin yerləşdiyi Ziya Bünyadov prospektində aparılan söküntü işləri nəticəsində magistral su xəttinin zədələnməsidir.
Borudan ətrafa axan su avtomobil sıxlığına da səbəb olmuşdu. Sakinlər deyir ki, qaş düzəldən yerdə, vurdular gözü də çıxartdılar. Sakinlərin iddiasına görə, hələ ki haraylarına heç bir yerdən cavab gəlməyib.
"Azəryolservis" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata görə, su xəttinin zədələnməsi qazıntı işləri aparılarkən baş verib.
"Azərsu" qəza xidmətinin rəisi Ceyhun Süleymanovun sözlərinə görə, su dayandırılandan sonra təmir işlərinə başlanılacaq.
Məsələ hələ aydınlaşacaq, amma ilkin məlumatlara görə, hadisənin səbəbi ya səhlənkarlıqdır, ya da ehtiyatsızlıqdır. Hər halda necə deyərlər su axar çuxurunu tapar, amma sakinlərin evlərinə dolan suyun aqibətinin necə olması isə bəlli deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?