Paytaxtın Ziya Bünyadov prospektinin Böyük Şor qəsəbəsindən keçən hissəsində - əhalinin və avtomobillərin ən gur olduğu yerdə işıqfor götürülüb. O yerdə ki, Nərimanov rayonundakı 73 saylı orta məktəb məhz burda yerləşir. Bu işıqfor hər gün dərsə gedib-gələn yüzlərlə şagirdi sürətlə hərəkət edən maşınlardan qoruyan vasitə idi. Hələ işə gedib-gəlmək üçün hər gün bir neçə dəfə bu yolu keçən böyükləri demirik. İşıqforun götürüldüyü yerdə yolun hər iki tərəfində avtobus dayanacağı var və bu dayanacaqlar daim insanlarla dolu olur. Burada nə yeraltı, nə də yerüstü keçid var.
İndi işıqforun götürülməsi hər gün Ziya Bünyadov prospektini keçən məktəbliləri, onların valideynlərini, işə gedib-gələn insanları çox çətin duruma salıb. Yaxınlıqda bir keçid də yoxdur ki, ondan istifadə olunsun. Bir sözlə, balacadan böyüyədək hamı məcbur olub ki, nəqliyyatın sürətlə hərəkət etdiyi yoldan qaçaraq keçsin. Amma vay o gündən ki, yolu keçənləri sürətli maşınlar haqlaya, ölüm-itimə heç kim təminat vermir. Yeri gəlmişkən, burada 7-8 il öncə də işıqfor yox idi və o zamanlar ərazidə yolu keçən onlarla uşaq-böyük yol-nəqliyyat hadisələrinin qurbanı olub.
Beləliklə, 73 saylı orta məktəbin yaxınlığında yerləşən işıqforu götürməklə yüzlərlə insanı ölümün ağuşuna atıblar. Bunu kimlər edib, yol polisi, yoxsa yol təmirçiləri?
Modern.az-a açıqlamasında Bakı şəhəri Dövlət Yol Polisinin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov işıqforun götürülməsini həmin prospektdə təmir işlərinin aparılması ilə bağlı olduğunu bildirib. “Təbii ki, işıqforun oradan götürülməsi təhlükəli vəziyyət yaradıb. Amma təmir bitənədək prospektdə işıqfor olmayacaq”.
Belə... Bu da rəsmi mövqe. Amma axı bu təmir işləri nə 1 ay, sonra nə də 6 ay sonra bitəcək. Çünki Ziya Bünyadov prospektinin bu hissəsində təmir-tikinti işlərinə düz 6 ay öncədən başlayıblar və vıxat bitəcəyi məlum deyil. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC bəyan edib ki, təmir-tikinti işləri hələ ən azı bir il bundan sonra da davam edəcək. Belə çıxır ki, Nərimanov rayonu Böyük Şor qəsəbəsinin balaca-böyük sakinləri hələ ən azı 1 il ölümlə üz-üzə qalacaqlar... Allah cavabdeh qurumlara insaf versin, sakinlərə isə kömək olsun...
Sorğu
Yeni dizaynımız necədir?