Müxaliftə liderləri arasında keçmişin arxivində qalmış söhbətlər iki gündür müzakirəyə çıxarılıb.
Virtualaz.org xəbər verir ki, qarşılıqlı ittihamlarla “süslənən” əsas söhbətlər də 2005-ci il parlament seçkilərində AXCP, Müsavat və ADP-nin (o vaxt Rəsul Quliyev ADP-nin sədri idi-red.) təmsil olunduğu “Azadlıq” blokunun seçki kampaniyası üçün xərclənən pulun kimə məxsus olması və kimin-kimə borclu olması mövzusu ətrafında gedir.
Müsavat deyir ki, 2005-ci ildə AXCP və Müsavat seçkiyə ADP ilə birlikdə getmişdi: “Seçki xərclərini də Müsavat və AXCP öz üzərinə götürüb. Həmin dövrdə Rəsul Quliyev borclu qalıb. O, “siz ödəyin, biz verərik” demişdi. Amma üstündən uzun zaman keçməsinə baxmayaraq bu pul ödənməyib”.
Rəsul Quliyevin Müsavat və AXCP-yə 8 min dollar borcunun olduğunu indiki ADP sədri Sərdar Cəlaloğlu da təsdiqləyir.
Lakin AXCP, Müsavat və ADP-yə qarşı tək “vuruşan” R.Quliyev səsləndirilən fikirləri təkzib edir. R.Quliyevin sözlərinə görə, AXCP və Müsavat ona 52 min dollar borcludur.
“Mənim Müsavat və AXCP-yə olan “borcum” ətrafında söz-söhbət yaranması və irəli sürülən iddialar gülüş doğurur. Adətən sonradan heç bir əhəmiyyəti olmayan hadisələri unutmağa çalışıram. Bu “borc” məsələsinin ortaya çıxması məni yenidən keçmişdəki o hadisələri xatırlamağa məcbur etdi. Həmin dövrdə ilk dəfə peyklə TV yayımı təşkil edə bilmişdik. Mirzə Xəzər də hər gün orada veriliş aparırdı. O vaxt seçkilərdə iştirak edən bütün müxalifət nümayəndələri o TV vasitəsilə intervyülər verirdilər. Və türk dostum təşviqat üçün maşın hazırlamaq,yəni güclü səsyayıcıları quraşdırmaq, maşının üzərinə şüarlar yazmaq və sairlə bağlı bir ay Azərbaycanda seçkiqabağı işləmək təşəbbüsü irəli sürdü. Bu iki proyektin finansı dəqiq yadımda deyil, hər halda 80 min dollardan aşağı deyildi. 45 min TV, 35 min maşın. Xərc 3 yerə bölünməli idi. Yəni AXC, Müsavat, ADP hər biri 26 min dollar pul ödəməli idi”.
R.Quliyev sonda ona ödənilməli olan pulun verilmədiyini söyləyir: “Təəssüf ki, AXCP və Müsavat heç nə ödəmədi. O məşhur 8 mini də kimə verdiklərini açıqlasalar, çox məmnun olardım. Çünki nə mənə, nə TV yaradanlara, nə də maşın təşkil edənlərə onlar heç bir qəpik də verməyiblər. Həmin o maşın da Azərbaycana gəlib çıxmadı, hökumət Qazaxa yaxın Gürcüstan ərazisində maşını yandırtdırdı. Tam məsuliyyətlə hər iki partiyanın o vaxtdan 52 min dollar borcları qaldıqlarını deyirəm. Bu borclarını xahiş edirəm “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə ödəsinlər, azad mətbuata yardım etsinlər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?