Rusiyanın “Transneft” şitkəti Azərbaycan neftinin nəql olunduğu Bakı-Novorossiysk kəmərinin Mahaçqaladan Rusiya-Azərbaycan sərhədinə qədər hissəsini konservasiya etməyə başlayıb.
Virtualaz.org saytının Rusiya qaynaqlarından əldə etdiyi xəbərə görə, şirkətin rəsmi nümayəndəsi İqor Demin bildirib ki, Azərbaycan tərəfi kəmərlə neftin nəqli üzrə öhdəliklərə əməl etmədiyi üçün Bakı-Novorossiysk fevral ayından etibarən fəaliyyətini dayandıracaq.
İ.Demin Azərbaycan tərəfinin kəmərlə neft tranzitinə dair yeni müqavilənin imzalanmasına dair danışıqlara başlamaq marağının olmadığını bildirib. Kəmərlə neft nəqlinə dair müqavilə ötən ilin may ayında Rusiya hökumətinin qərarı ilə birtərəfli qaydada ləğv olunmuşdu. Fevral ayında “Transneft” şirkətinin kəmərlə Azərbaycan neftinin nəqlinə dair öhdəlikləri başa çatır. Nəticədə kəmərin Mahaçqaladan Azərbaycan sərhədinə qədər olan hissəsinə inert qazı vurulmaqla konservasiya aparılır.
Qeyd edək ki, bu kəmərlə ARDNŞ-in hasil etdiyi neft ixrac olunurdu. Lakin ARDNŞ elan edib ki, 2014-cü ildən etibarən neft ixracını dayandıracaq və hasil etdiyi neftin hamısını yerli neftayırma zavodlarına verəcək. Çünki ARDNŞ-in hasil etdiyi neftin həcmi ilbəil azalır, digər tərəfdən daxili bazarda neft məhsullarına olan tələbat artır. Bu səbəbdən ARDNŞ hasil etdiyi neftin hamısını daxili tələbatı ödəməyə sərf edəcəyini bildirir.
Bundan əvvəl ARDNŞ-in Rusiyanın “Rosneft” şirkəti ilə Bakı-Novorossiysk kəmərinin revers istifadəsinə dair danışıqlar apardığı haqda xəbərlər yayılmışdı. Söhbət Rusiya neftinin kəmərlə geriyə, Bakıya nəqlindən və daha sonra Bakı-Tiflis-Ceyhan kəməri ilə ixracı variantından gedirdi. Lakin bu məsələ ilə bağlı danışıqların nə yerdə olduğu məlum deyil. “Transneft” isə bu varianta qarşıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?