Ukraynanın Xarkov şəhərində azərbaycanlı iş adamına məxsus mağazalara hücum olub, mağazalar dağıdılıb, iş adamı və azərbaycanlı işçilər ölümcül döyülüb.
Bu barədə APA-ya məlumat verən mağazaların sahibi Şahin Sultanov bildirib ki, hadisə noyabrın 13-də baş versə də, şəhər milisi hələ də ölçü götürmür. Döyülən azərbaycanlılardan ikisi hələ də ağır vəziyyətdə şəhər xəstəxanasının reanimasiya şöbəsindədir.
Ş. Sultanov bildirib ki, noyabrın 13-də axşam saatlarında 3 azərbaycanlı işçisi ilə mağazaların qarşısında dayanıb söhbət edərkən, xarici markalı beş bahalı maşın onların yanında saxlayıb: “Maşından düşən, əllərində dəyənək, tapança olan təxminən 25 nəfər tanımadığımız yerli sakin atəş aça-aça bizə hücum etdi. Əlimizdə heç nə olmadığına görə mağazalara girib gizlənmək istəyəndə iki nəfərimiz yaralandı. Hücum edənlər mağazalara doluşaraq bizi dəyənəklə döyməyə, mağazaları dağıdıb, yararsız hala salmağa başladılar. Hazırda qohumum olan həmin iki nəfər ağır vəziyyətdə reanimasiyada yatır. Həkimlər onların yaşama ehtimalının 50 faiz olduğunu deyirlər”.
İş adamı deyib ki, yerli Azərbaycan diasporunun köməyi ilə şəhər hüquq-mühafizə orqanlarına elə həmin gün müraciət olunsa da, hələ də heç kim saxlanılmayıb: “Hər gün şəhər milis ilə əlaqə saxlasaq da, nə ekspertiza təşkil edən, nə də bizə konkret cavab verən var. Elə deyirlər ki, axtarırlar, tapanda məlumat veriləcək. Amma mənə bu günlərdə milisdən dolayısı ilə ismarış göndəriblər ki, bunu şəhər administrasiyası ilə milis idarəsi özü təşkil edib ki, biz mağazalarımızı işlətməyək, təhvil verək”.
Xarkov vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin rəhbəri Qurban Abbasov isə APA-ya bildirib kİ, diaspor da bu işlə yaxından məşğuldur: “Təəssüf ki, rəsmi qurumlar heç bir reaksiya vermirlər”.
Q. Abbasov onu da deyib ki, son günlər Xarkovda müəyyən qüvvələr azərbaycanlılara qarşı aqressiya yaratmağa cəhdlər göstərir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?