Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA Vətəndaş Hərəkatının 7 və Azad Gənclik Təşkilatının 1 üzvünün cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Saat 15:00-a planlaşdırılan proses xeyli gec, 15:45-də başlayıb.
Virtualaz.org saytının prosesi izləyən əməkdaşının verdiyi məlumata görə, Cavid Hüseynovun sədrliyi ilə keçirilən iclasda müdafiə tərəfi vəsatətlərin təmin edilməsi ilə bağlı hakimə müraciət edib.
Daha sonra çıxış edən dövlət ittihamçısı isə buna etiraz edərək vəsatətlərin təmin olunmamasını tələb edib. Əvvəllər gənc fəal Zaur Qurbanlının vəkili olmuş Aslan İsmayılov öz vəsatəti ilə bağlı mövqe bildirmək istəyib. Lakin buna cavab olaraq hakim Aslan İsmayılovun məhkəmə zalından çıxarılmasını tələb edib. Nəzarətçilər A.İsmayılovu zaldan çıxarıblar. Daha sonra işıqlar söndüyündən proses yarıda saxlanılıb.
Məhkəmə öz işini sabah saat 10:00-da davam etdirəcək.
Sorğu
Yeni dizaynımız necədir?