Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin istintaq müddəti uzadıla bilər. Bunu “Media forum”a vəkil Əfqan Məmmədov deyib. Onun sözlərinə görə, məhkəmənin nə vaxt keçiriləcəyi bəlli deyil.
Əfqan Məmmədov bildirib ki, istintaqda heç bir yenilik yoxdur. “Nicat Quliyevdən Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyovun əleyhinə ifadə istənilibmi” sualına vəkil belə cavab verib: “Nicat Quliyev istintaqa heç bir ifadə verməyib, ifadə verməkdən imtina edib”.
Nicat Quliyev avqustun 7-də həbs olunub. Mili Təhlükəsizlik Nazirliyinin yaydığı məlumata görə, o, qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir. Məhkəmənin qərarı ilə avqustun 8-də Nicat Quliyev barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Oktyabrın 1-də Səbail Rayon Məhkəməsi Nicat Quliyevin həbs müddətini iki ay uzadıb.
Nicat Quliyevin müxalif Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla dostluq münasibətləri var. Rəsmən təsdiqlənməyən ehtimallara görə, sabiq naziri Rüstəm İbrahimbəyovla əlaqə saxladığı üçün tutublar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?