“Bu mənə qarşı sifarişlə təşkil olunmuş kampaniyadır”. Bunu AMİP lideri Etibar Məmmədov publika.az –a açıqlamasında onun Akif Muradverdiyev, Nicat Quliyev və Vaqif Musayevin həbs olunmasında əlinin olduğuna dair yayılan məlumatlara münasibət bildirərkən deyib. AMİP lideri bildirib ki, bu cür məlumatlar cəfəngiyyatdır: “Cəfəng olan şeylərə münasibət bildirməyin də mənası yoxdur. Onu bilirəm ki, bunlar sifarişli yazılardır. Mənə qarşı sifarişli kampaniyanın bir hissəsidir”.
E. Məmmədov bu məsələ ilə əlaqəsinin olmadığını deyib. V. Musayevin vaxtilə onunla bir partiyada təmsil olunduğunu deyən AMİP lideri əlaqəsinin sadəcə bu səviyyədə olduğunu bildirib.
Qeyd edək ki, mətbuatda Prezident Administrasiyasının sabiq işlər müdiri Akif Muradverdiyev, sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyev və vaxtilə AMİP-in siyahısından parlament seçkilərinə qatılan Vaqif Musayevin həbsi ilə bağlı yayılan məlumatda deyilir ki, hər üç şəxsin həbsi AMİP lideri Etibar Məmmədovla əlaqəlidir.
Avropa.info-nun məlumatına görə, hər üç şəxsin Rusiyanın layihəsi olan Milli Şuraya yaxşı münasibət bəsləməsi, Rüstəm İbrahimbəyola əlaqələr yaratmasını bilən AMİP bu barədə hakimiyyətə məlumat ötürüb. Belə ki, A. Muradverdiyev belə bir niyyətinin olduğunu E. Məmmədova açıb. Ona da birlikdə olmağı təklif edib. Lakin AMİP lideri bununla razılaşmayıb və məlumatı iqtidara ötürüb. Nəticədə Akif Muradverdiyev Etibar Məmmədovla görüşündən az sonra həbs olunub. Sabiq nazir Nicat Quliyevin doğma dayısı, E. Məmmədovun yaxın dostu İsa Məmmədov qardaşı oğlunun Milli Şuraya qoşulmaq istəyini onunla məsləhətləşib. AMİP lideri bunu məsləhət görməyib və Nicat Quliyevin də İbrahimbəyovun planında yer aldığını iqtidara bildirib. Həmçinin, sabiq nazirin dayısından Vaqif Musayevin də bu planda olduğunu öyrənib. Bu məlumat da onun tərəfindən ötürülüb.
Məlumata görə, Etibar Məmmədovun həm Muradverdiyevlə, həm də İsa Məmmədovla görüşləri bu ilin iyun ayında olubmuş. Halbuki o zamanlar Milli Şuranın vahid namizədi Cəmil Həsənli deyildi. Həmin dövrlər Rusiyanın Azərbaycan hakimiyyətinə güclü təzyiqləri fonunda Rüstəm İbrahimbəyovun namizəd olması ətrafında fikir dartışmaları gedirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?