“Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko məhkəmə tərəfindən ona kəsilmiş cəriməni ödəyə bilmir. “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın iddiası üzrə təyin olunan 2000 manatlıq cəriməni ödəmək üçün jurnalistə 10 gün vaxt verilib. O, məsələ ilə bağlı dünən Yasamal Rayon Məhkəmə icrası şöbəsinə çağırılıb.
Ramin Deko Hafta.az-a verdiyi məlumatda məhkəmə tərəfindən qəbul edilən qərarın qanunsuz olduğunu deyir:
“Pulu vermək imkanım yoxdur, birincisi qərar qanunsuz və sifarişlidir. İkincisi isə onsuz da iki aydır ki, Kəbirə Məmmədovaya görə bank hesabımıza həbs qoyulub. Buna görə maaş ala bilmirik. Maaş almadığım təqdirdə cəriməni necə ödəyə bilərəm?!”.
“10 günə pulu ödəməsən hansı tədbir görüləcək?” - sualına isə Ramin Deko belə cavab verdi:
“İnzibati cəza da verilə bilər. Yəqin ki, əvvəlcə məhkəməyə müraciət edib yenidən cərimə əlavə ediləcək, ya da əmlakım müsadirə olunacaq. Mənim də əmlakım, filanım yoxdur, vəssalam…”.
“Binə” ticarət mərkəzinin rəhbəri Kəbirə Məmmədova Ramin Dekonun müəllifi olduğu yazıya görə, “Azadlıq” qəzetini məhkəməyə verib. O, qəzet və jurnalistin hər birindən 50 min manat olmaqla, ümumilikdə 100 min manat tələb edirdi. Yasamal Rayon Məhkəməsi onun iddiasını qismən təmin edərək, qəzetin 30 min, Ramin Dekonun 2 min manat cərimələnməsi haqda qərar verib. “Azadlıq” 30 min manatı ödəyə bilmədiyindən qəzetin bank hesabına iki aydır ki, həbs qoyulub.
Sorğu
Yeni dizaynımız necədir?