Rus mafiyası adı açıqlanmayan 31 yaşlı Azərbaycan vətəndaşının pullarını qəsb etdi
Bu gün səhər saatlarında adı hələlik açıqlanmayan Azərbaycan vətəndaşı Rusiyada şok soyğuna məruz qalıb.
Virtualaz.org saytı piter.ru saytına istinadla xəbər verir ki, yerli vaxtla saat 06:05-da İstanbuldan Sankt-Peterburqa uçan təyyarənin sərnişini, 31 yaşlı Azərbaycan vətəndaşı əvvəlcədən onu gözləyən və avtomatlarla silahlanmış bir qrup maskalı, kamuflyajlı şəxsin hücumuna məruz qalıb.
Xəbərə görə, həmin Azərbaycan vətəndaşının mühafizəçiləri onu aerportun D terminalı qarşısında, avtodayanacaqda gözləyirmiş. Mühafizəçilər Sankt-Peterburqda fəaliyyət göstərən özəl mühafizə firmalarından birinin əməkdaşları olub.
Lakin təyyarə aeroporta enməmiş avtomatla silahlanmış kamufulyajlı şəxslər mühafizəçilərin əllərini qandallayıb. Onlar özlərini polis əməkdaşları kimi təqdim ediblər.
Şahidlərin bildirdiyinə görə, hücum edənlər polis vəsiqəsi göstəriblər və onların sayı 10-a yaxın olub.
Mühafizəçilərin əllərini qandallayandan sonra onlar VİP terminalın qarşısında İstanbuldan gələn sərnişini gözləməyə başlayıblar. Sərnişin terminaldan çıxan kimi avtomatlılar onu tutub, aeroportun kənarına aparıb və çantasındakı 2,7 milyon dolları götürərək aradan çıxıblar.
Cinayətkarların izinə düşmək mümkün olmayıb, hüquq-mühafizə orqanları hələlik ancaq soyğunçuların qaçıb gizləndiyi avtomobilin nömrəsinin məlum olduğunu bildirir. İstisna deyil ki, nömrə saxtadır.
İstanbuldan 2,7 milyon dollarla Sankt-Peterburqa gedən sərnişinin kimliyi bəlli deyil, ehtimal ki, o, həmin şəhərdə iri bizneslə məşğul olan azərbaycanlılardan biridir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?