Öz işçilərinin dələduzluğuna və rüşvətxorluğuna aydınlıq gətirməyən İcra başçısı: «Mənim sənə verəcək pulum yoxdur»
gundemxeber.az Yevlaxda bir ailənin faciəsi hər kəsə göz dağı olub. Buna baxmayaraq dövlət qurumları nəinki biçarə ailəyə yarımçı olurlar, əksinə müxtəlif üsullarla həmin ailənin son qəpiyini belə əllərindən alırlar. Yevlax rayon Xaldan kənd sakini Mahirə Nəcəfova Tofiq qızı bildirir ki, iki ay əvvəl, 8 oktyabr 2012-ci ildə onun evi yanaraq kül olub. Hazırda hamamda yaşadıqlarını bildirən şikayətçi bildirir ki, evi yandıqdan sonra dövlət qurumlarına yardım üçün müraciət etsə də, ona heç bir yardım göstərilməyib. Bu azmış kimi, Xaldan kənd ərazi nümayəndəsi Mikayıl Əsədov və bələdiyyə sədri Akif Pirməmmədov onlara gələrək yardım edəcəklərini bildirib, ona ağ kağızlara qol çəkdirərək gediblər. Bundan sonra isə ona heç bir yardım olunmayıb. Amma bir qədər sonra Xaldan bələdiyyəsindən və İcra hakimiyyətindən bildiriblər ki, ona yardım olunub. Şikayətçi bildirir ki, bundan sonra bələdiyyə sədri Akif Pirməmmədov Mahirə Nəcəfovaya bildirib ki, onlara sosial yardım düzəldəcək. Bunun üçün sadəcə 100 manat rüşvət vermək lazımdır. Bələdiyyə sədri 100 manatı aldıqdan sonra yoxa çıxıb. Sosial yardımı da görən olmayıb. Mahirə Nəcəfova bildirir ki, bütün bunları anlatmaq və dərdinə çarə qılmaq üçün Yevlax rayon İcra Hakimiyyətinin başçısı Qoca Səmədovun qəbulunda olub. İcra başçısı işçilərinin dələduzluğu ilə bağlı məsələyə aydınlıq gətirməsə də, Mahirə xanıma bildirib ki, o icra başçısıdır: “Kimin üçünsə ev tikən deyiləm. Sənə verəcək pulum da yoxdur”. Mübahisə yarandıqda isə, Qoca Səmədov işçilərinə qadını çölə çıxarmağı əmr edib. Mahirə Nəcəfovanın bildirdiyinə görə o dəfələrlə öz problemi ilə bağlı rəsmi dövlət qurumlarına yazılı müraciət edib. Hətta iki dəfə də Heydər Əlyev fondunun prezidenti Mehriban Əliyevaya yardım üçün məktub yazıb. Lakin onu bu günə qədər eşidən olmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?