Bu regionda oğlanlardan çox qızlar oxumağa üstünlük verirlər.
Təhsil Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin şimal rayonunda abuturiyentlər arasında araşdırma apararkən maraqlı faktlar ortaya çıxarıb. Məlum olub ki, bu regionda oğlanlardan çox qızlar oxumağa üstünlük verirlər.
TQDK-nın sədri Məleykə Abbaszadənin sözlərinə görə, şimal bölgəsində qızların məktəbdən yayınması hələki aşkar olunmayıb. "Amma şimal bölgəsində biz görürük ki, oğlanların sayı bir az azalır. Təəssüflər olsun ki, bu şimal bölgəsində ayrı problemdir. Burda qızlar üstünlük təşkil edir. Ali məktəbə sənəd verənlər arasında oğlanlar bir az azdır. Onlar öz təhsilini davam etmək istəmirlər”.
Komisiya sədrinin açıqlamasına Quba və Qusar rayonların təhsil şöbələrindən münasibət öyrənmişik. Qusar təhsil şöbəsindən son qəbul prosesində sənəd verən abuturiyentlər arasında qızların çox olduğu təsdiqləndi. Qusar Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Rövşən Bünyadov: “Bizdə 2012-2013-cü tədris ili üzrə cəmi 465 nəfər abuturiyent ali məktəblərə qəbul olunmaq üçün sənəd verib. Onların 270 nəfəri qız, qalanı oğlan abuturiyentlər”.
Qusar təhsil şöbəsinin aparıcı mütəxəssisi son illər oğlan abutriyentlərin sayının azalmasını müxtəlif səbəblərlə əlaqələndirdi: “Ona görə ki, məncə qızlar daha çox elmə təhsilə meyillidilər. Mən fikirləşirəm ki, qızların sayının oğlanların sayından çox olmasının bir səbəbi budur. Digər səbəbləri oğlanların müəyyən ailələrdə fiziki işlərlə məşğul olması ola bilər”.
Qubada da vəziyyət fəqli deyil. Burada bu ilki 586 abuturiyent arasında qız və oğlanların konkret sayı açıqlanmasa da hesab edirlər ki, keçən qəbul imtahanlarında rayonda ali və orta ixtisas məktəblərinə daxil olmaq istəyənlərin əksəriyyəti qızlar olub. Quba təhsil şöbəsinin müdüri Süleyman Aslanov bu il yüksək balla ali məktəblərə qəbul olunmuş 40 nəfərdən 24-nün qız olduğunu dedi. Qızların təhsilə üstünlük veridyini deyən cənab Aslanov oğlan abuturiyentlərin azlığını isə onların müxtəlif peşələrə meyilliyində gördü: “Bəlkə də oğlanların seçimi başqa bir istiqamətlərə olur, sənətkarlığa, peşə hazırlıqlarına olan istiqamətlər var. Ola bilsin ki, uşaqlarımızın əsas meyil marağı da bu tərəfə olur. Amma mən sizə deyim ki, qızların son illər həm keçən ildə, həm də əvvəlki illərdə qızların da ali məktəbə qəbulda başqa regionlardan fərqli olaraq burda qızların çoxluğu nəzərə çarpır”.
Amma bu statistika qarşıdakı illərdə stabil qalmaya bilər. Qubada hazırda mövcud 23701 şagirddən 10859 nəfərinin qız olduğunu söyləyən şöbə müdiri gələcəkdə oğlan abuturiyentlərin sayının artacağını istisna etmədi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?