Təhsil Nazirliyinin şöbə müdirinin məsələsi yuxarı dairələr tərəfindən ciddi nəzarətə götürülüb
gundemxeber.az Ötən saylarımızın birində 2011-ci ilin ortalarında baş tutmuş əməliyyat zamanı əslində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun deyil, məhz sözügedən şöbənin müdiri Şahrza Əliyevin həbs olunmalı olduğunu qeyd etmişdik. Lakin o, himayəsində olduğu şəxslərin yardımları ilə məsuliyyətdən yaxa qurtarmağa müvəffəq olmuşdu. Dünən məsələ ilə bağlı əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, Şahrza Əliyevin paytaxtın və ölkənin müxtəlif ərazilərində dəyəri milyonlarla ölçülən çoxsaylı gözəgəlimli obyektləri var. Bu barədə danışan məlumatlı şəxsin sözlərinə görə, şöbə müdiri Təhsil Nazirliyində ən imkanlı şəxslərdən hesab olunur: "Şahrza Əliyevin geniş maliyyə imkanları var və artıq nazirlikdə demək olar ki, hamı bu barədə məlumatlıdır. Məhz onun vasitəçiliyi və iştirakı ilə Təhsil Nazirliyində bir sıra qara işlər həyata keçirilir. Bu kimi əməliyyatlar sayəsində Şahrza Əliyev o qədər varlanıb ki, artıq aidiyyəti qurumlar da bununla bağlı müəyyən araşdırmalar aparmağa başlayıblar". Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdirinin həbs olunmasının bir qədər çətin məsələ olduğunu vurğulayan mənbənin sözlərinə görə, buna baxmayaraq, artıq Şahrza Əliyevin məsələsi yuxarı dairələr tərəfindən ciddi nəzarətə götürülüb: "Bu səbəbdən də o, hazırda hər an həbs oluna biləcəyindən ehtiyat etdiyi üçün əndişələnir. Odur ki, şöbə müdirinin vəziyyəti olduqca drammatik qiymətləndirilir. Çünki artıq Şahrza Əliyevin ona verilən bütün imkanları boş yerə sərf etməklə yanaşı, limiti də tükənib". Orxan Kərimovun həbsilə bağlı istintaqda ifadə verərkən Şahrza Əliyevin bütün məsuliyyəti təhsil naziri Misir Mərdanovun xalası oğlu, nazirliyin Əsaslı Tikinti İdarəsinin sabiq rəisi Allahverdi Dəmirovun üzərinə atmağa çalışdığını deyən mənbə iddia edir ki, məhz bu faktın özü onun vurulmasını aktuallaşdıran amillər sırasında yer alıb. Şahrza Əliyevin bir sıra neqativ halların iştirakçısı olduğunu bildirən məlumatlı şəxsin sözlərinə görə, nazirliyin şöbə müdirinin taleyi tezliklə həll olunacaq: "Artıq onun barəsində Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində kifayət qədər məlumatlar toplanıb. Son zamanlar Şahrza Əliyev himayədarlarının sayəsində o qədər böyük səlahiyyətlərə sahiblənib ki, artıq nazir müavinlərilə belə hesablaşmır". Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinin müdirinin Bakıda fəaliyyət göstərən "Jasmin" və "Mərhəmət" ticarət şəbəkələrinin, eyni zamanda çoxsaylı ticarət obyektlərinin sahibi olduğunu deyən mənbə Şahrza Əliyevin ölkənin üzdə olmayan iri oliqarxlarından biri kimi xarakterizə edir: "Onun geniş maliyyə imkanları, potensial rəqiblərini sıradan çıxarmaq məharəti, istənilən situasiyanı öz xeyrinə dəyişmək bacarığı var. Bütün bunlara görə də uzun müddət müxtəlif əməliyyatları həyata keçirməyə nail olub. Lakin maliyyə imkanları getdikcə genişlənən Şahrza Əliyevin taleyi bu yaxınlarda həll olunacaq...
Sorğu
Yeni dizaynımız necədir?