Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2012-ci ildə gerçəkləşdirdiyi 100 min manatlıqdan artıq 10 layihəni şirkət necə apardı?
Bir neçə gün öncə təhsil naziri Mikayıl Cabbarovun nazirliyinin maliyyə idarəsinin rəisi Şahrza Əliyevi vəzifədən kənarlaşdırması çoxları tərəfindən birmənalı qarşılanmadı. Bunu hətta keçmiş nazirin yaxın kadrlarının vurulması kimi dəyərləndirənlər də az deyildi. Ola bilsin ki, bu fikirdə qalanlar hələ də az deyil. Lakin səlahiyyətli orqanların apardığı yoxlamalardan sonra Təhsil Nazirliyinə ayrılmış büdcə vəsaitlərinin sağa-sola xərclənməsi ilə bağlı faktlar ortaya çıxdı. Bu isə Şahrza Əliyevin işdən çıxarılmasına səbəb olan əsas amildir. Zənnimizcə, bu məsələni Şahrza Əliyevin vurulması ilə çözmək mümkün olubsa, nazirliyinin maliyyə idarəsinin artıq sabiqləşmiş rəisi "ütüdən" salamat çıxdığına görə gedib qurban kəsməlidir. Belə ki, təkcə 2012-ci ildə Təhsil Nazirliyinin bir çox idarə və müəssisələrində gerçəkləşmiş alqı-satqı, cari təmir, məktəb və digər təhsil-tərbiyə ocaqlarının tikintisi layihələri yumşaq desək, büdcə yeyintilərindən xali deyil. Bunu nazirliyin tender layihələrinə sahib çıxmış bəzi şirkətlər haqda gundelik-baku.org saytında yer alan məlumatlardan da asanlıqla sezmək olar. Diqqət edin, Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2012-ci ildə gerçəkləşdirdiyi 100 min manatlıqdan artıq 10 layihənin Masallı rayonunda qeydiyyatdan keçmiş "Meşəçi" MMC-yə qismət olmasının da qaranlıq tərəfləri izah istəyir. Axı necə olur ki, 2011-ci ildə Masallının Qızılavar kəndində qeydiyyatdan keçirilmiş bu şirkət rəqiblərini üstələyərək birdən-birə 10 layihədə qalib adını qazanır? Şirkət səriştəsiz və təcrübəsiz olmasına baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil idarəsini təsərrüfat malları, inventar və avadanlıqların satın alınmasından tutmuş kommunikasiya xidmətinə qədər bütün işlərin öhdəsindən gələ biləcəyinə inandıra bilib. Bundan başqa "Meşəçi" öz işçi potensialı hesabına hətta cari təmir işləri də aparıb. Bunları bəlkə də başa düşmək olar. Lakin Bakı Şəhəri üzrə Təhsil İdarəsi hansı əsasla dərman preparatlarının alınmasını bu şirkətə etibar edib, bax onu bilmirik. Bildiyimiz kimi, ölkədə bu sahədə kifayət qədər ixtisaslaşmış sahibkarlıq subyekti var. Digər tərəfdən, dərman preparatlarının ticarəti ilə məşğul olmaq üçün lisenziya verilməsi də daxil qanunda nəzərdə tutulmuş qaydalar var. Həmin qaydaların tələblərinə heç bir parametrləri ilə cavab verməyən şirkət görəsən, sifarişçinin "saqqızını" necə oğurlaya bilib. Maraqlıdır ki, Rəssamlıq Akademiyasının 45 min manatlıq layihəsinə sahib çıxan "Meşəçi" Sumqayıt Dövlət Universiteti üçün də ötən il təxminən 50 min manatlıq "digər maşın və avadanlıq" alıb. Bu hələ harasıdır? "Meşəçi"nin əli o qədər uzunmuş ki, gedib Müəllimlər İnstitutunun Gəncə filialının da təxminən 60 min manatlıq ehtiyaclarını ödəmək iqtidarında olduğunu nəyinsə hesabına sübuta yetirib. Heç kəsin kitabının havayı oxunmadığı bir şəraitdə belə uğurlar sərgiləmək asan məsələ deyil.
Sorğu
Yeni dizaynımız necədir?