Səhm zərfi energetika nazirinin oğluna və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin ailə üzvlərinə məxsus “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakı sözün həqiqi mənasında talan edilir; kiçik səhmdarlar iriləri, iri səhmdarlar isə ədliyyə orqanlarını korrupsiyada günahlandırır, prokurorluq isə susmaqda davam edir Mediada energetika naziri Natiq Əliyevin oğlunun adı ilə hallandırılan, bir vaxtlar ARDNŞ-in iri həcmli sosial tikinti layihələrini icra etmiş “Xəzərdənizneftsosialtikinti” trestinin varisi olan “Xətai Tikinti Mexanizasiya” ASC-nin ləğv edilməsi planları işə salınıb. Amma görünən odur ki, bu məsələdə hazırda kölgəyə çəkilmiş nazirdən daha çox marağı olan qrup var. Məsələnin qəlizləşməsinə səbəb olan amillərdən biri də budur ki, kiçik səhmdarlar iriləri, iri səhmdarların nümayəndələri isə ədliyyə orqanlarını korrupsiya əməllərində günahlandırsa da prokurorluq orqanları susur. Bu barədə “Yeni Müsavat”a ASC-nin səhmdarı Hafiz Babalı məlumat verib.
Səhmdarın sözünə görə, müflisləşmə uçurumuna yuvarlanmış bu şirkətin iri səhm paylarını birbaşa və dolayı yollarla ölkənin nüfuzlu şəxsləri idarə edirlər. Nüfuzlu oliqarxlar “Xətai Tikinti Mexanizasiya” ASC-nin 81 faizinə sahib çıxıb. Səhmdarlardan olan “Gold İnvest” MMC rəsmən Natiq Əliyevin oğluna məxsusdur və ASC-də 14,99 faizlik paya hələ atası ARDNŞ-ə rəhbərlik edərkən sahib çıxıb. Özəlləşdirmə öncəsi trestə rəhbərliyə gətirilmiş, Energetika Nazirliyinin məsul şəxslərindən olan Ramiz Rzayevin həyat yoldaşı Vədiyyə xanımın adına səhmlərin 27 faizi rəsmiləşdirilib. Özəlləşdirmədən sonra ASC-nin icra orqanına rəhbərlik edən Sahib Qasımov 11 faiz səhmi satın alıb. “Azərbaycan Dəmir Yoları” QSC-nin sədri Arif Əsgərovun ailə üzvləri Balaxatın və Rəsmiyyə Məmmədova bacılarının hər biri 14 faizlik səhm zərfinin sahibidirlər (baş dəmiryolçunun xanımı və baldızı). Bu, ASC-yə nəzarət edən şəxslərin rəsmi strukturudur. Lakin bəzi iddialara görə, səhmlərin real sahibi daha yuxarı dairələrə aiddir və onun adını çəkməyə ASC-də cəsarət belə etmirlər.
Özəlləşdirmədən dərhal sonra ASC böyük layihələrə podratçı kimi cəlb olundu və hətta 2004-2005-ci illərdə səhmdarlarına divident belə ödənildi. Natiq Əliyev ARDNŞ-dən uzaqlaşdırıldıqdan sonra müəssisənin “ulduzu söndü”. Sifarişlər kəsildi, ARDNŞ-in yeni rəhbərliyi ASC-yə olan borclarını da ödəməkdən imtina etdi və bu, uzun sürən məşəqqətli məhkəmə çəkişmələrinə apardı. Bu arada müəssisəyə daxil olan pul vəsaitləri müəmmalı şəkildə “yoxa çıxır”, əvəzində kreditorlar qarşısında olan öhdəliklər şişirdi. Şəriklər artıq bir-birilərini açıq ittiham etməkdən belə çəkinmirdilər. Sahib Qasımov müəssisənin iflic vəziyyətinə düşməsində Natiq Əliyevin “sağ əli” olan, nazirliyin sənaye və investisiyalar şöbəsinə rəhbərlik edən Ramiz Rzayevi günahkar bilirdi və digər səhmdarlara məsələnin kökündə məhz R.Rzayev amilinin dayandığını deyirdi.
Belə bir ağır zamanda elə də böyük məbləğ təşkil etməyən vergi borcları ASC-ni məngənəyə salmışdı.
Səhmdarın sözlərinə görə, vergi xidməti 2011-ci il aprelin 8-də cəmiyyətin əmlaklarının siyahıya alınması haqqında qərar çıxarıb. 2011-ci il may ayının 20-də Vergilər Nazirliyinin Bakı Vergilər Departamentinin Vergi Borclarının Məcburi Alınması İşinin Təşkili İdarəsinin əməkdaşları Xətai rayonu, Zığ şossesi, 18-də yerləşən “Xətai Tikinti Mexanizasiya” ASC-nin (VÖEN 9900025501) əmlakını siyahıya alıb. ASC-nin üçmərtəbəli inzibati binası cəmi 63 min manat qiymətləndirilib. Sonuncu dəfə 2010-cu il dekabrın 29-da toplaşan kiçik səhmdarların təbii ki, bu işlərdən xəbəri yox idi. Qəribədir ki, vergi öhdəliyinə görə inzibati binanın hərraca çıxarılması iri səhmdarların tükünü belə tərpətmədi. Ancaq borclar o qədər çoxalmışdı ki, inzibati binanın 400 min manata ARDNŞ-ə satılması belə problemi çözməyə kifayət etmədi.
Bu arada qiymətləndirmə və hərrac şirkətləri, eləcə də Sabunçu Rayon İcra Hakimiyyətinin məmurları da leş üstünə gedən quzğun kimi müəssisəyə göz qoymuşdular. Çünki inzibati binanın çıxdaş edilməsindən sonra burada əmin olmuşdular ki, səhmdar cəmiyyətinin əmlakının ələ keçirilməsinin qarşısını ala biləcək bir qüvvə ortaya çıxmayacaq. Vergilər Nazirliyi ilə hesablaşmanın tamamlanması isə bu niyyətin baş tutması üçün bir bəhanə oldu. “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC və onun eyni mərkəzdən idarə olunan şəriki “Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”, eləcə də Sabunçu rayonunun məhkəmə icraçıları əlbir olaraq kiçik bir məbləğ təşkil edən vergi borcu üzrə öhdəliyin bağlanması üçün siyahıya alınmayan əmlakları belə satıblar. ASC-nin İdarə Heyətinin sədri Azim Alıyevin 2012-ci ilin mart ayından bəri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə ünvanladığı əmlakın talan olunmasına dair çoxsaylı müraciətlərini isə araşdıran yoxdur. ASC-nin rəhbərliyi məsələ ilə əlaqədar sonuncu dəfə dövlət başçısına bu ilin oktyabr ayının 3-də müraciət edib, ancaq hələ də reaksiya yoxdur.
İttihamlar isə kifayət qədər kəskindir. Müraciətlərdə göstərilir ki, ölkədə korrupsiyaya qarşı mübarizə aparıldığı bir zamanda 660 səhmdarı olan “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakını dövlət vəzifələri tutan şəxslər qulluq mövqeyindən sui-istifadə edərək talamaqdan çəkinmirlər. Səhmdar cəmiyyəti konkret olaraq Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşı Heyrat Qarayevi onun dəyəri yüz minlərlə manatla ölçülən daşınar əmlakını mənimsəməkdə ittiham edir. İddia olunur ki, o, qiymətləndirmə şirkəti və hərrac təşkilatçısı ilə cinayət əlaqəsinə girərək, əvvəlcə maşın və mexanizmlərini real qiymətindən qat-qat aşağı qiymətləndirilməsinə nail olub, sonradan isə həmin əmlakı əvvəlcədən razılaşdıqları şəxslərə bazar qiyməti ilə satıblar. Amma rəsmi sənədlərdə qiymət təbii ki, cüzi məbləğdə əks olunmuşdur.
H.Qarayev heç bir qərar təqdim etmədən müəssisənin əsas vəsaitlərini, işlək vəziyyətdə olan maşın, mexanizm və avadanlığı özbaşına götürüb və “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-nin və “Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”nin iştirakı ilə satıb. Bəzi texnikaları satın alan şəxsləri müəyyən etmək üçün Dövlət Yol Polisinin iştirakı ilə atılan addımlar öz bəhrəsini verib və məlum olub ki, onlar hərracda aşağı məbləğlə ifadə olunan qiymətə rəsmiləşdirilsə də, əslində bazar qiyməti ilə satılıb. Məsələn, İlqar Alışov, Hətəş Məmmədov, Talıb Şirinov və Arif Xəlilov etiraf ediblər ki, onlar satın aldıqları “KamAZ” markalı avtomobillər üçün müvafiq olaraq 6 300 ABŞ dolları; 4 800 manat; 3 000 ABŞ doları və 6 000 ABŞ dolları ödəmişlər. Hərracın nəticələrinə görə isə 4 ədəd avtomobil üçün toplam 3085 manat ödənildiyi yazılır. Müqayisə üçün bildirək ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin təyin etdiyi ekspert isə həmin maşınlara 48 min manat qiymət qoyub. Yəni qiymətləndirmə və hərrac şirkətləri, eləcə də Heyrat Qarayev təkcə 4 “KazAZ” maşınının satışından ən azı 17 min manat pulu mənimsəyiblər.
“Xətai Tikinti Mexanizasiya” ASC-nin rəhbərləri hərraca çıxarılmış əmlakların qiymətləndirilməsi və satışını həyata keçirən “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC ilə “Respublika Xammal və Əmtəə Birjası Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi”ni məhkəməyə verib. ASC cavabdehlərdən hərrac və hərracın nəticələri haqqında protokolların etibarsız hesab edilməsini tələb edib.
2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi “Xətai Tikinti Mexanizasiya” ASC-nin hər iki təşkilata qarşı qaldırdığı iddia ərizəsini rədd edib. ASC rəsmiləri isə bu qərarla razılaşmayaraq apelyasiya şikayəti veriblər. İş hazırda Bakı Apelyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə araşdırılır. Yazının davamını növbəti saylarda oxuya bilərsiniz.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?