Natiq Əliyevlə Arif Əsgərovun adı hallanan şok yeyinti qalmaqalında yeni detallar açıqlandı; oliqarxların biznesini idarə edən Ramiz Rzayev “Texnikabank”dan aldığı 144 min manat krediti mənimsəyib... Ötən saylarımızda səhm zərfi energetika naziri Natiq Əliyevə və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərova məxsus olan “Xətai Tikinti Mexanizasiya” ASC-nin əmlakının talan edilməsi ilə bağlı məlumat vermişdik. Məsələ ilə bağlı “Yeni Müsavat”a yeni məlumatlar daxil olub.
Bir vaxtlar gəliri yığıb-yığışdırmaqla qurtarmayan, indi isə müflisləşmə həddinə gətirilib çıxarılan “Xətai Tikinti Mexanizasiya” ASC-nin ətrafında müəmmalı proseslər səngimək bilmir. Dekabrın 27-də səhmdarlarının ümumi yığıncağının keçiriləcəyi bir dövrdə məlum olub ki, iri səhmdarlar tez-tələsik “gəmini tərk ediblər”. Bu barədə qəzetimizə ASC-nin səhmdarı Hafiz Babalı məlumat verib.
“A” planı işə salındı
Səhmdarın sözlərinə görə, çoxsaylı “kiçik” səhmdarlar əmindirlər ki, bu, cəmiyyətin əmlakını ələ keçirmək üçün adının hallanmasından xoşlanmayan iri payçıların aldadıcı manevrindən başqa bir şey deyil: hamının sözləşibmiş kimi səhmləri bir nəfərə satması qəribə görünmürmü? Axı hələ 2007-ci ildə aktivləri 4 milyon manatı aşan, indi isə ödəmə qabiliyyətini itirən, yəni faktiki olaraq müflis bir müəssisənin səhmlərinə nabələd adam tamah salmazdı. Hadisədən səhmdarlar rəsmi yolla, yəni Bakı Fond Birjası (BFB) vasitəsilə deyil, özəl mənbələr vasitəsilə xəbər tutublar. Qanunvericiliyə əsasən, səhmlərin 10 faizindən çoxuna nəzarət edən şəxslər səhmləri ilə əqdlər bağladıqda, ictimaiyyət bu barədə BFB vasitəsilə məlumatlandırılmalıdır.
Cəmiyyətin yeni iri səhm sahibinin adı isə hələlik gizli qalır. Deyilənə görə, “cazibə mərkəzi”ndə cəmiyyətin istifadəsində olan Sabunçu rayonu, Anaşkin küçəsi-4 ünvanda yerləşən 4 hektarlıq torpaq sahəsidir. Digər maraqlı məqam isə ondan ibarətdir ki, energetika naziri Natiq Əliyevin oğluna məxsus olan “Qold İnvest” MMC (37,7 min ədəd səhm və ya nizamnamə kapitalının 17,64 faizi) payçılar arasında qalmaqda davam edir və bu, tərəflər arasında ziddiyyətdən xəbər verir. Eyni zamanda mülkiyyət uğrunda ciddi savaşın olacağı da qaçılmazdır.
Yeni səhm sahibinin səhmdar cəmiyyətini əvvəlki dövrlərdə faktiki idarə etmiş Ramiz Rzayevin adamı olduğu güman edilir. Sənaye və Energetika Nazirliyi ləğv edildikdən sonra yeni yaradılan İqtisadiyyat və Sənaye Nazirliyinə transfer etmiş bu şəxsin qurduğu hiyləgər plana əsasən, səhmdar cəmiyyətinin ləğv edilməsi haqqında qərar səs çoxluğundan yararlanmaqla qəbul etdiriləcək. Hətta bu məqsədlə səhmdarlara təzyiq etmək nəzərdə tutulur. Belə ki, ötən yığıncaqda aparılan videoçəkilişlərin internetdə yayımlanması bəzilərini qəzəbləndirib.
İkinci addım olaraq, “Bank Technique” ASC-yə olan borcun ödənilməsi bəhanəsilə cəmiyyətin əmlakı təxminən 1,5-2 milyon manata qiymətləndirilməklə hərracda satılması tamaşası qurulacaq. Əmlakı isə bir başqası deyil, elə yeni səhmdar alacaq. Borclar bağlandıqdan sonra isə kiçik səhm zərflərinə sahib olan şəxslərə cüzi məbləğdə pul ödəniləcək, bununla da məsələ qapadılacaq.
Planın qaranlıq tərəfləri
Amma bu planın nə dərəcədə keçərli olacağı şübhə doğurur. Məsələ burasındadır ki, 2010-cu ildə cəmiyyətin Maştağa qəsəbəsindəki 2 nömrəli tikinti-quraşdırma idarəsi Ramiz Rzayev tərəfindən qanunvericiliyə zidd üsullarla ələ keçirilib. Ancaq ümumi yığıncaqdan keçən müddətdə SC-nin nizamnamə kapitalına müvafiq düzəlişin edilməsi tamamlanmayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) tez-tələsik R. Rzayevin həyat yoldaşına məxsus səhmlərin bir hissəsini dövriyyədən çıxarması nəticəsində hazırda “Xətai Tikinti Mexanizasiya” ASC-nin nizamnamə kapitalı iki fərqli məbləğlə ifadə olunur. SC-də isə rəsmi dövlət qeydiyyatı orqanı olan Vergilər Nazirliyinin qeydiyyat məlumatlarına deyil, QKDK-nın məlumatına istinad edirlər.
Elə Maştağadakı əmlakı da R. Rzayev “tam uda bilməyib”: təhvil-təslim aktı imzalansa da, hazırda baxımsızlıqdan dağıdılmış vəziyyətə gətirilən əmlakın cəmiyyətdən ayrılması faktı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində rəsmən qeydə alınmayıb. Səhmdarlar bu qənaətdədirlər ki, R. Rzayev “bir güllə ilə bir neçə dovşan vurmaq sitəyir”. Yəni həm köhnə əyər-əskikləri ört-basdır edəcək, həm də Sabunçudakı əmlakın şəriksiz sahibi olacaq.
Bu arada məlum olub ki, ASC-nin səhmlərinin 12,94 faizinin mülkiyyətçisi Sahib Qasımov, eləcə də digər payçılar əmlak payı götürməkdə israrlıdırlar. Onlar hesab edirlər ki, kreditorlar ilə hesablaşma üçün əmlakın hamısının satılması düzgün deyil və səhmdarların əmlak payı almaq hüququ pozulmamalıdır. Beləliklə, indidən ehtimal etmək olar ki, müəssisənin ləğv olunması gərgin keçəcək.
“Etibar limiti” bitib
Bu arada həmçinin, “Xətai Tikinti Mexanizasiya” ASC-nin “Bank Technique” ASC ilə kredit münasibətlərinin pərdəarxası üzə çıxıb. Məlum olub ki, şirkətin Müşahidə Şurasının sədri olmuş Ramiz Rzayevlə bankın o zamankı Müşahidə Şurasının sədri Etibar Əliyev quda imiş. E.Əliyev qalmaqallı bir şəkildə bankın idarə olunmasından uzaqlaşdırıldıqdan sonra bankın SC-yə olan “etibar krediti” də bitib. Bu ilin iyul ayında 03.12.2009-cu il tarixdə bağlanmış kredit müqaviləsi bankın yadına düşüb və məhkəməyə borcun tələbi barədə iddia verilib. Təqdim olunmuş iddia məktubunda və iddia ərizəsində göstərilir ki, kredit müqaviləsinə əsasən, “Xətai Tikinti Mexanizasiya” ASC-yə mal-material alınması məqsədilə istifadə edilmək üçün illik 18 faizlə 144 min 500 manat məbləğində kredit verilib. Lakin kredit təyinatı üzrə istifadə edilməyib. Bankın bu iddiasına dəlalət edən və səhmdarların aşkar etdikləri fakt ondan ibarətdir ki, ASC-nin 2009-cu il üzrə vergi orqanına təqdim etdiyi “Mənfəət vergisi bəyannaməsinə Əlavə №1"ə əsasən dövr ərzində 144 min 500 manat kredit vəsaiti daxil olub. Bu vəsaitdən əvvəlki dövrdə alınmış 86 min 645 manat məbləğində bank kreditinin ödənilməsinə silinib, necə deyərlər, ”kredit kreditlə bağlanıb". Cəmiyyətin başqa şirkətlərdən aldığı avansların geri qaytarılmasına 23 min 303,39 manat yönəldilib. Kreditin 41 min 605,58 manatı isə dövlət büdcəsinə vergi öhdəliklərinin icrasına sərf olunub.
Növbəti 2010-cu il üzrə “Mənfəət vergisi bəyannaməsi”ndən isə görünür ki, xammal və material alınmasına cəmi 14 min 213 manat 32 qəpik xərclənib. Beləliklə, bank kreditindən istifadə vəziyyəti və iddia olunduğu kimi mal-material sərfinə yönəldilən vəsaitin real məbləği bir daha sübut edir ki, SC-nin rəhbərliyi krediti təyinatı üzrə istifadə etməyib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddia tələbini tam təmin etmək haqqında hələ bir neçə ay öncə qətnamə çıxarsa da, hələ ki, müəyyən səbəblərdən tərəflərə təqdim etməyib.
Banka olan borc məbləği “qıcqırma effekti” verərək, bu müddət ərzində əsas borc 120 min 224 manat olmaqla, 327 min 487 manat 67 qəpiyə çatıb. Bu amildən isə təkcə bank yox, Ramiz Rzayev də öz xeyrinə yararlanmaq istəyir. Belə ki, borc öhdəliyinin yerinə yetirilməməsi əmlakın hərrac yolu ilə satılması adıyla ələ keçirilməsi üçün əsl göydəndüşmə fürsətdir. Amma bu işin bir əmması da var.
Belə ki, Cinayət Məcəlləsinin 195-ci maddəsinə əsasən, qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bir ASC-nin iki nizamnamə kapitalı
Fürsətdən yararlanmağı isə R. Rzayev ən son 2010-cu ildə təcrübədən keçirib. Belə ki, “Xətai Tikinti Mexanizasiya” ASC-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixli ümumi yığıncağı səhmdar cəmiyyətin balansında olmuş Bakı şəhəri, Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi -1 ünvanında yerləşən əmlak kompleksi onun istifadəsində olan 17 min 861,9 kvadratmetrlik torpaq sahəsi ilə birlikdə qardaşı oğlu Kamran Eyvaz oğlu Yadigarova və həyat yoldaşı Vədiyyə Abuzər qızı Rzayevaya səhmlərinin payı olaraq verilməsi haqqında qərar qəbul edilib. Qərarın icrası ilə əlaqədar ASC-nin İdarə Heyətinə səhmdarlar K.Yadigarovun və V.Rzayevanın səhmdar cəmiyyətdən ayrılmaları və səhmləri müqabilində onlara yuxarıda qeyd olunan əmlakın verilməsi ilə əlaqədar nizamnaməyə dəyişiklik edilməsi məsələsinin mövcud qanunvericiliklərə uyğun olaraq Vergilər Nazirliyi Bakı şəhəri Vergi Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində və digər aidiyyəti qurumlarla rəsmiləşdirilməsi, qısa müddət ərzində təhvil-təslim əməliyyatının həyata keçirilməsi və bu məsələnin müvafiq mühasibat sənədlərində nəzərə alınması tapşırılıb. Bakı şəhəri Vergilər Departamentinin sənədində cəmiyyətin nizamnamə kapitalı əvvəlki kimi 502 992 manat təşkil etdiyi göstərilir. Amma Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi hələ 2010-cu il 4 noyabr tarixində “Xətai Tikinti Mexanizasiya” ASC-nin nizamnamə kapitalının “səhmlərin geri satın alınması və ödənilməsi” yolu ilə azaldılması haqqında qərarı icra edib. ASC-nin 37 min 745 ədəd səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı qiymətli kağızların dövlət reyestrində müvafiq qeydlər edilib.
Komitə səhmlərin geri satın alınması və ödənilməsi haqqında danışsa da, qərarda bu barədə bir şey deyilmir. Görünür QKDK-nın da bu əməliyyatda hansısa maraqları olub. Əks halda, belə bir oyuna gedilməyə cürət edilməzdi. QKDK məsələni yoluna qoyduqdan sonra ASC-nin mühasibat sənədlərində əsas vəsaitlərə dair göstəriciləri dəyişdirərək 2 saylı tikinti-quraşdırma idarəsinin əmlakının təhvil-təslimini aparıb. Amma bu mühüm hərəkətlər həyata keçirilərkən nədənsə vergi orqanı məlumatlandırılmayıb.
Səhmdarlar yol verilmiş bu və digər qanun pozuntuları ilə bağlı səhmdar cəmiyyətinə vurulan zərərin ödətdirilməsi və vergi hüquqpozmalarının aradan qaldırılması tələbi ilə məhkəməyə və Vergilər Nazirliyinə müraciət ediblər. Hazırda iş üzrə məhkəmə araşdırmaları davam edir. Vergilər Nazirliyinin Vergi Auditi Departamenti isə faktları araşdırır.
İki fərqli nizamnamə kapitalı ilə ləğvetməyə gedilməsini də səhmdarlar normal qarşılamırlar. Onların fikrincə, 6 avqust 2010-cu il tarixində keçirilmiş ümumi yığıncağın doğurduğu situasiyaya uyğun addımlar atılmadan, eləcə də cəmiyyətin bundan dolayı üzləşdiyi zərərlər kompensasiya edilmədən “Xətai Tikinti Mexanizasiya” ASC-nin ləğv edilməsinə yol verilə bilməz.
Bu məsələdə adı əsas fiqur kimi keçən Ramiz Rzayev energetika naziri Natiq Əliyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Arif Əsgərovun ASC-dəki biznesini idarə edən şəxsdir. R.Rzayevlə A.Əsgərov həm də qohum və həmyerlidirlər (hər ikisi əslən Tovuz rayonundandır). Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?