İnsanların içində bir qubar var – qaysaq bağlamayan və zamana uyğunlaşıb rəngini dəyişməyən bir qubar. Bu qubar üz(ümüz)də olan Qarabağ qubarı deyil – son nəticədə bu problem öz həllini tapacaq. Dövlət və hökumət bu yöndə işini görür.
Bu, üzdə olmayan, içimizə çöküb qalan bir qubardır: bir-birini “unutduqlarını sərgiləmə” qubarı...
Həmişə adam içində olmuşam, adamlarla oturub-durmuşam, adamlıq görmüşəm. Aldığım təhsil də, tərbiyə də, oturub-durduğum adamlar da bizə hakim olan bu qubara nifrət ediblər. Ancaq uzun illər bizi düşündürən bu “əxlaqi-psixoloji-sosioloji problem”in nədənini, mahiyyətini, haradan qaynaqlandığını, niyə bu qədər uzunömürlü olduğunu anlamağa çalışdım... və nəhayət anladım ki, milli mentalitetimizə yad olan bu xarakter, keyfiyyət məhz buradan qaynaqlanıb - müsəlmançılıqdan!
Bəri başdan özlərini havalı “din aşiqi” göstərmək istəyənlərin nəzərinə çatdırım ki, həm dinə, həm də formalaşan cəmiyyətə ən böyük faydanız “Allaha aşiqlik aspekti”ndən bu olar: İlahidən gələn məsləhətləri dini məxəzlərdən tapıb yayaraq savab qazanmaq...
Əziz oxucu, cəmiyyətdə heç də hamı qubar dediyim bu dərdə mübtəla deyil. İnşallah da olmaz! Çoxları işsiz qalanda bu sarsıntını yaşamayıb. Daha bir nədən rütbə-ranq məsələsidir. Bu sarsıntını yaşamağın daha bir nədəni etdiyin yaxşılıqlar müqabilində xəyanət görməkdir!
Bu sarsıntı sözdə “qubar”la ifadə olunur, həyatda isə bütün sosioloji-psixoloji-əxlaqi çalarları ilə, fəsadlarla müşayiət olunan, nifrət oyadan, kəmfürsətlik formalaşdıran, əliəyriliyə təhrik edən, yalana və riyaya əbədilik əta edən üzsüzlüyün, yəni laqeydliyin qələbəsidir.
Laqeyd qala bilmək artıq cəmiyyətin müəyyən kontingentini əsir götürüb. Mənim “qubar” dediyim həm də faciədir. Əgər bir partiyada silahdaş gedirsə, demokratik dəyərlərə hörmət əlaməti olaraq siyasi düşüncələrində baş verən keşməkeşlər nəticəsində ayrı mövqe seçirsə, bir yerdə uzun illər işlədiyi kollektivdən ayrılırsa, daha yuxarı deyil, daha aşağı nomenklatur vəzifəyə keçirsə, keçirilirsə, hətta bir məkanda dostluq etdiyi adamlardan ayrılıb ayrı məkana adlayırsa, onda yerində qalanlar rəhbərə xoş olsun deyə qaçırlar. Onu aramağa, toyuna belə çağırmağa, zəng etməyə belə qorxurlar. Bax, budur içimizdəki qubar.
Adamlar rəhbərdən, partiya sədrindən, idarə müdirindən, yeyib-içmək sponsorundan qorxur, çəkinir, onların nədənsə məhrum edəcəklərindən qaçır, amma... İçlərindəki Allah sevgisindən əndişələnmirlər.
Axı bizim millətin belə xasiyyəti olmayıb. Bəs nədən biz bu cür olmuşuq?
Hə, bu yerdə dini genetikanın rolundan danışmaq lazımdır. “Allah buyurub ki, xəyanətkarlarla oturub-durmayın, onları qınayın, onlardan uzaq olun, onları harada tutdunuz öldürün!”
Əzizim, axı Allah bunu kafirlərə şamil edib. Daha illərlə xeyir-şərində iştirak etdiyin, bir otaqda oturub işlədiyin, bir stolda çörək yediyin adamla yox...
Axı Allah deməyib ki, sizdən ayrılan, sizinlə işləməyən, bir yerdə çörək yeməyən və ya yeyə bilməyən xəyanətkardır.
"Bizimlə bir yerdə olmayan, ola bilməyən bizdən deyil" prinsipi milləti puça çıxarır. Bu prinsip vəzifədə olanı - səlahiyyət sahibini özünün sabahına gün ağlamağa vadar edir. Axı ayrılıb gedən silahdaş da, dost da, çörək ortağı da xəyanətkar deyil, xəyanətkar ruhumuz-düşüncəmizdi ki, o anda Allahı yox, Adamı hakim bilirik, Adamdan qorxuruq. Öz cılız düşüncəmizlə, zəif psixologiyamızı deformasiyaya uğradıb sosioloji problem yaradırıq. Olarmı? Əlbəttə, olmaz.
Türkün bir-birini xain sayması yolverilməzdir.
Türkün Adamdan qorxması və Allahı yaddan çıxarması bağışlanmazdır.
At belində dünya fəth edən Türkün kreslo xatirinə əyilməsi ayıbdır.
At belində ucalan Türkün stola əyilib stula oturması onun faciəsidir – bunu düşmənlər istəyib, istəyir və istəyəcək də!
Çox vaxt deyirlər ki, düşmən ocaq başındadır. Bəlkə, düşünək?! O ocaqda ki, sahib Allahı tanımır, sahibdən qorxanın "Sahib"in Sahibinin hüzurunda durumu fəna olmazmı?
Məhz bu fənalığa - özümüzü “unutmağımıza” qubar dedim.
Bir yerdə olmayanda bir-birimizi düşmən görməyimizə bağışlanmaz dedim.
Dini genetikamıza hopdurulma xətti bəlli olandan imtina etmək vaxtıdır. Adam olmaq üçün “müsəlmançılığa qədərki adam” – üç imperiya qurub, 17 imperiya dağıdan 622 illik sultanlıq tarixi olan türk!
Müsəlmançılıq prinsipləri türkün yaşam prinsipinin İlahi təsdiqiqdir – onu ancaq yaşatmaq lazımdır, müsəlmançılığın müsibəti başlamasın deyə...
Sorğu
Yeni dizaynımız necədir?