Tarif Şurasının qiymətlərin artırılması qərarından sonra parlamentdə başlayan müzakirələrdə millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı da çıxış edib. VHP mətbuat xidməti bəzi media orqanlarında partiya sədrinin sözlərinin təhrif edildiyi səbəbindən, Milli Məclisdən götürülən stenorqamı olduğu kimi mediaya göndərib. Stenoqramın mətni belədir:
“Hörmətli Milli Məclis, hörmətli Sədr! Bu günlərdə mən bir sıra rayonlarda olmuşam və əhalinin kənd təsərrüfatına qayğının artması ilə bağlı razılıqlarını eşitmişəm. Deyək ki, torpağın əkilməsi ilə bağlı müəyyən vəsaitlər ayrılır, yanacağa güzəştlər vardı, doğrudan da, bu, məni sevindirirdi. Amma dağ rayonlarında bunun müqabilində o şəraitdə işləyə bilən texnikanın azlığı çox ciddi problem yaradır. Əkənlər, biçənlər, dövlətin yardımı ilə torpağa qayıtmaq istəyənlərçoxdur, meyl artır, amma deyirlər, yaxşı, biz məhsulu hansı texnika ilə yığacağıq? Buna uyğun texnika yoxdur. Buna görə də dağ rayonları üçün xırda kənd təsərrüfatı müəssisələrinin, servislərinin yaranması son dərəcə vacibdir və bunu həll eləmək lazımdır. Camaatın xoş əhvalını görmüşdüm və təsəvvür edirəm ki, orada bu gün yanacağın qiymətinin artması necə təsir bağışlayacaq. Bəzi dostlarımız buradan bizi Avropa ilə və dünya ilə müqayisə edirlər ki, benzinin qiyməti Avropada da yüksəkdir, dünyada da yüskəsdir. Doğrudur, benzinin qiyməti Türkiyədə də bizdən 2-3 dəfə artıqdır. Sən yanacağın qiymətində dünyaya yaxınlaşmaq istəyirsənsə, bunun o biri tərəfi nəzərə alınmırsa, bu, məntiqsizlikdir və onu göstərir ki, məsələyə kompleks yanaşmırıq. Mən bunu demək istəyirəm.
İkinci, bizim hər birimiz kommunal xərclərlə bağlı sıxıntılar yaşayırıq. Kommunal xərclər, suyun qiyməti, əmlakın qiyməti, qazın qiyməti... Hansı təşkilat necə istəyirsə, “mənim işimin maya dəyəri artıqdır, buna uyğun olaraq qiyməti artırıram” deyərək qiyməti artırır. Nəzərə almırlar ki, insanın bunu verməyə imkanı var, yoxsa yoxdur. Hər birimiz Azərbaycanın bir rayonuna gedib-gələndə benzinə bir təqaüdçünün pensiyasından, yaxud minimum əmək haqqından bir az da artıq pul verməliyik, ya gərək Milli Məclis zəhmət çəksin benzin xərclərimizi versin, ya da bizim də rayonlarla əlaqəmiz kəsiləcək. 3-4 dəfə get, Milli Məclisin deputatının əmək haqqı yetməyəcək. Bəs sıravı vətəndaş neyləsin? Çox sağ olun”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?