Dövlət Statistika Komitəsindən Turana bildiriblər ki, 2012-ci ildə Azərbaycanda ictimai iaşə obyektlərinin sayı 3,9% artaraq 9,5 mini ötüb. Bu zaman kafe və restoranların üçdə birindən çoxu (3848) Bakıda yerləşir.
2007-ci ildən Bakıda 347 yeni şadlıq evi, kafe və restoran ortaya çıxıb. Bütövlükdə ölkə ərazində 1857 yeni iaşə obyekti yaranıb.
İctimai iaşə obyektlərinin yüksək artım dinamikası (+20,6) ötən il Quba-Xaçmaz iqtisadi rayonunda qeydə alınıb. Ümumilikdə son altı ildə ölkənin bu geniş inkişaf edən turizm regionunda kafe və restoranların sayı iki dəfə artıb və ilin əvvəlinə 380 təşkil edib. Müqayisə üçün qeyd edək ki, sahibkarların despotik hakimiyyət tərəfindən təzyiqlərin olduğundan şikayət etdiyi Naxçıvan Muxtar Respublikasında bu müddət ərzində 57 belə müəssisə yaradılıb.
Ölkədə ictimai iaşə obyektlərinin birdəfəlik tutumu 326,9 min nəfər təşkil edir. Bu 2011-ci ildən 6,3% (307,4 min) və 2003-cü ildən 2,2 dəfə (143,4 min) çoxdur. Stastistikaya əsasən, Azərbaycanda kafe və restoranların sayının artımı 2003-cü ildən başlayıb.
Dövlət Stastistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ictimai iaşə obyektlərində xidmətlərin həcmi 680 mln manat (+20,2%) təşkil edib. Heç kimə sirr deyil ki, kafe və restoranlarda müştərilərə kassa çekləri deyil, kağızda yazılmış hesab təqdim olunur. Ona görə də ictimai iaşə sektorunun real dövriyyəsi məlum deyil, baxmayaraq ki, DSK 2013-cü ildə dövriyyənin 20 dəfə artdığını deyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?