86 yaşlı Xaçmaz sakini oğlunun onu aldadaraq mülkünü əlindən aldığını deyir Xaçmaz rayonu, Xuray kəndində yaşayan öz övladları tərəfindən işgəncələrə məruz qalan Səlimov Məmmədəli Nəcəf oğlu redaksiyamıza gələrək övladlarının ona etdiklərindən danışdı. Nabranda iki otaqlı mənzil üzündən dəfələrlə ölüm həddinə çatana kimi işgəncələrə məruz qaldığını deyən Səlimov Məmmədəli aidiyyatı qurumlardan imdad diləyir. Onun dediklərinə görə, dəfələrlə yaşadıqları ərazinin polis bölməsinə, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya, Nizami rayon Məhkəməsinə müraciət edib. Lakin bu müraciətlərin hamısı cavabsız qalıb: “86 yaşım, 6 övladım var. Mən hal-hazırda Xaçmaz rayonunun Xuray kəndində yaşayıram. Övladlarımdan 3-ü mənim Nabranda yerləşən ümumi sahəsi 36 kv metr olan 2 otaqlı mənzil üçün daha mənə etmədikləri qalmayıb. Xaçmaza Bu mənzildən ötrü övladlarım tərəfindən işgəncələrə məruz qalmışam. Hətta bir dəfə iki oğlum və bir də qızım ayaqlarımı bağlayıb məni boğmağa cəhd etdilər. Amma al-qan içində meşəyə qaçdım. Bakıda yaşayan oğluma zəng edib mənə kömək etmələrini istədim. İndi müvəqqəti olaraq oğlumla Bakıda yaşayıram.”
O, deyir ki, oğlu Yaşar Səlimov mənzilini əlindən almaq üçün aldadaraq məcburi imza atmağa vadar edib: “Həmin bu mənzili oğlum Yaşar Səlimova mən bağışlama müqaviləsi əsasında vermişəm. Ancaq məsələ burasındadır ki, oğlum məni də, anasını da aldadıb. Bizim ikimizə də təzyiq ediblər o imzanı atmaq üçün. Həyat yoldaşım Marina Səlimovanı təhqir edərək və döyərək əlindən tutub imzaladıblar. Həmin bu oğlum kənddəki evimdə mənə də, yoldaşıma da hücumlar edib. Buna hətta qonşularımız da şahiddir. Bir dəfəsində mənə bıçaqla hücum etdi. Yaxınlarım olmasaydı, məni öldürəcəkdi. Bütün bu danışdıqlarım hamısı ev üstündədir. Oğlum Yaşarı mənə etdiyi hərəkətlərə görə polisə də verdim. Amma polislər ona heç nə etmədi. Daha sonra mənzili əlimizdən aldıqdan sonra Nizami Rayon Məhkəməsinə şikayət də etdik. Ancaq şikayətimizi rədd etdilər. Mən hara gedirəmsə, mənə söz versələr də işə baxılmır. Çarəni qəzetə gəlməkdə gördüm. Ümid edirəm ki, mənim şikayətimə baxılar.”
Yazıda adları hallanan hər bir şəxsin, həmçinin Yaşar Səlimovun mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?