İnsan Haqları Bəyannaməsinin qəbulundan nə az, nə də çox - 65 il keçir.
“Bu Bəyannamə ilə dünyada nələr dəyişdi?” sualına cavab verməzdən öncə bir məqamı xatırlatmaq yerində olardı.
Əslində insan haqları deyilən bu Bəyannamə İnsanın təbiətinə uyğun olaraq doğuşdan mövcud olan haqlarının xatırladılması ilə yekunlaşan bir sənəd mahiyyətində deyil, bəlkə də bəşər tarixində mövcud olan bütün səma dinlərinin ana ideyası olan insanın doğuşdan azad və hüquqca bərabər olması ideyasının modern sənəd formasında üzə çıxarılması idi. İslam Peyğəmbərinin “Heç bir ərəbin başqa bir ərəbdən üstünlüyü yoxdur, həmçinin ərəbin qaradərilidən, qaradərilinin ağdərilidən üstünlüyü yoxdur” deyiminin cızdığı çərçivəni bu Bəyannamənin əsas mənasına hopduğunu görürük.
Bu tarixi sənədin əsas mahiyyətini təşkil edən ideya məhz “insanın dövlətin özbaşınalığından qorunma hüququ”nun tanınmasıdır. İnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası əsrlər boyu filosofların və mütəfəkkirlərin cilaladığı bir şüardan tədricən bir yaşam ölçüsünə çevriləndə, bunu həqiqətən də yeni bir başlanğıc olaraq qiymətləndirməyə dəyərdi.
Çünki bu prinsip XX əsrin əvvəllərində bir neçə inkişaf etmiş ölkənin Konstitusiyasında yer alsa da, hamının razılaşdığı bir dəyərlər toplusuna çevrilməsi üçün bir neçə illər və milyonlarca insanın ölümü ilə müşayiət olunan bir sürəc keçməliydi. Faşizmdən, şəxsi diktatura kaprizlərindən bezmiş dünya insanının əvəzinə ABŞ və onun Avropa komandası qərara aldı ki, dünya dövlətləri və dövlətcikləri üçün başqa sahələrdə suveren hüquqlar pəncərəsini bağlı tutmaq mümkün sayılsa da, İnsana baxış pəncərəsi hər bir dövlət üçün açıq olmalıdır.
İndi tarixə bir diqqət yetirin. 1 yanvar 1942-ci ildə Vaşinqtonda BMT-nin yaradılması barədə Bəyannamə imzalanır. Ardınca bir sıra məsləhətləşmələr, müşavirələr, konfranslar və nəhayət, 1945-ci ilin aprel-iyun aylarında San-Fransisko konfransı dünyanın başağası sayılan bu təşkilatın yaranmasını elan edir. Bu önəmli tarixdən cəmi iki ay sonra - 6 və 9 avqustda ABŞ Yaponiyanın şəhərlərinə atom bombası atır. Bax, elə BMT-nin siftəsi buradan korlanır.
ABŞ-ın keçmiş prezidenti dahi Franklin Ruzveltin dul xanımı, BMT-nin İnsan Hüquqları Komissiyasının ilk sədri olan Eleonora Ruzvelt söylədiyi biçimdə, “Bizdən iki addım o yanda insan hüquqları birgə vətəndaş səyləri sayəsində qorunmasa, onda biz bu hüquqların inkişaf etməsini böyük dünyada əbəs yerə axtarmış olacağıq” sözləri daha çox öz təsdiqini tapmağa başladı.
Artıq ilk başlanğıcdan ABŞ insan haqları pəncərəsindən insana deyil, enerji resurslarına, silaha, təhlükəsizlik maraqlarına baxmağa başladı və bu baxış bucağı dəyişmədiyindən, ABŞ və Avropa mədəniyyəti hüdudlarından kənarda qalan İnsana bu haqqı layiqincə paylaşdıra bilmədi.
BMT-nin 26 iyun 1946-cı ildə qəbul olunan Xartiyasında bu təşkilatın əsas vəzifəsi olaraq “hamı üçün irqinə, cinsinə və dininə görə heç bir ayrı-seçkiliyə yol vermədən insan hüquqlarına və azadlıqlarına hamılıqla hörmət edilməsi” göstərilirdi.
Bu Bəyannaməni 1948-ci ildə 48 ölkə qəbul etdi. Bu beynəlxalq sənəd deyildi, beynəlxalq standart sayılırdı. Ardınca 1966-cı ildə BMT “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” və “Mülki və siyasi hüquqlar haqqında” Ümumdünya Bəyannaməsinin müddəalarını inkişaf etdirən paktlar imzaladı. Bu paktların artıq beynəlxalq müqavilə statusu var idi.
Bəyannamənin qəbul olunduğu tarixdən etibarən qlobal səviyyədə dünya müharibəsi baş vermədi və ABŞ-dan başqa kimsə başqasının ərazisinə atom bombası atmağa qədər varacaq bir küstahlıq göstərmədi.
Elə nəhəng dağılmalar baş verdi ki, məhz bu Bəyannamənin prinsiplərinin yaratdığı özünümüdafiə mexanizmləri geniş miqyasda kütləvi insan faciəsinin yaşanması ilə sonuclanmadı. Xüsusilə də SSRİ-nin dağılması, Avropa, Asiya, Afrika məkanlarında baş verən məhəlli çatışmalar insan tələfatının miqyasının genişlənməsi ilə müşayiət olunmadı.
Kimsənin cızığından çıxmamasının sadəcə tək bir səbəbi superdövlətin buna izin verməməsi ilə bağlı idi. Pol Pot, Kim İr Sen, Mao, adam ətinə tamarzı Afrika diktatorları, Şərq despotları üçün cızılmış çərçivə istənilən zaman qapadıla bildiyindən, ciddi tarixi sürprizlər baş vermədi.
Bununla belə, bir sual hər zaman dünya insanının haqlı olaraq rahatsız etməkdədir: Bu Bəyannamə haqlarını tanıdığı insanı şəkilləndirə bildimi? Məncə, günün sualı bu olmalıdır.
Dünyanı tarazlıqdan çıxmağa qoymayan və tətbiq etdiyi standartlar get-gedə daha ədalətsiz xarakter alan dünya supergücü ABŞ-ın arxasında durduğu bu layihə yeni mədəniyyət faktoru olan İNSANı təqdim edə bilmədi.
İnsanı dövlətin qarşısında qoruma missiyası ona görə yarımçıq qaldı ki, bu layihənin müəllifi olan dövlətlər başqa dövlətlər üçün güc olduğunu isbatlamalı idi və bunu da ordu, kəşfiyyat, iqtisadiyyat, mədəniyyət sahələrində insanı istifadə edərək isbatlaya bilərdi. İstifadə olunan İnsan artıq haqqını arayan İnsan olmaqdan çıxacaqdı.
Bu yarımçıq layihənin uğursuzluğunu ört-basdır etmək üçün mədəniyyətlər çatışması bəhanəsini gözə soxmağa başladılar. İnsan fərqliləşməsi, sadəcə, dövlətin gücünün səviyyəsi ilə müəyyən olunmağa başladı. Bir amerikalının dəyəri başqa ölkə insanından ona görə artıq sayılırdı ki, onun vətəndaş ləyaqətini qoruyan güclü bir dövlət vardı. Bir azərbaycanlı ona görə qaçqına çevrilə bildi ki, onun torpağını təcavüzdən qoruya biləcək güclü dövlət olmadı. Ona görə də insan güclü görünmək üçün hər zaman öz haqqının üzərində dövlətin himayəsini axtarmağa başladı.
Bilirəm, deyilə bilər ki, İnsan haqları əslində bu haqları dərk etmiş insan olanda qüvvəyə minir. Dövlət adı ilə o insanlar əzilir ki, onlar bioloji varlıqdan o tərəfə inkişaf edə bilmirlər. Bunun şərqli və ya qərbli olmaqla da ciddi bir əlaqəsi yox. Sadə bir Azərbaycan kəndini götürün və müşahidə aparın. 100 evlik bir kənddə gördüklərindən sonra İnsan haqlarına yönəlik məsafənin nə qədər uzaq olduğunu görə bilərsiniz. Hələ də adam başqasının örüş yerində heyvanını otarır. Yamacdakı qonşu həyətində içməli suyu açıq qoyur ki, yoxuşdakı qonşuya su getməsin. Adi bir söz götürməzlikdən dədə-baba qaydasında qadınların saçyolmasından, kişilərin söyüşməsindən anladığın bir məqam var ki, öz haqqını bilməmə başqasının haqqını daha kobud şəkildə tapdalamağa imkan verir. Kimsə əziyyət çəkib özünə aid haqları öyrənməyə çalışmır, hamı dövlət adına hər şeyin öyrədilməsini gözləyir. Dövlət adına haqqını tanımayan insanı idarə etməkdən zövqlü başqa nə ola bilər ki?
İnsan Haqlarının nə demək olduğunu dərindən anlamaq Haqqın İnsanı olmaqdan başlayır. Haqların çoxluğunun içində tərəddüd keçirən insanın bir Haqqın bəyan etdiyi prinsiplərə bağlanması isə daha ədalətli bir insana çevrilməsinin bəlkə də tək yoludur...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?