Elşad Abdullayev: “Qardaşım oğlunu üzümə qoyub, iş verdilər” ABU-nun sabiq rektoru Elşad Abdullayev ailə üzvlərinə qarşı təzyiqlərin davam etdiyini deyir. Bu barədə o, “Yeni Müsavat”a açıqlamasında detallı məlumat verib. Onun sözlərinə görə, qardaşı oğlu Mübariz Abdullayev hazırda saxlandığı 3 saylı cəzaçəkmə müəssisəsindən oğlu Tehran Abdullayev vasitəsilə son durum barədə bildirib. Belə ki, M.Abdullayev onunla bağlı istintaqın qərəzli aparılması, istintaq zamanı döyülərək dişlərinin sındırılması və bunun müqabilində əmisi Elşad Abdullayevin əleyhinə ifadə alındığını bildirib.
Xatırladaq ki, Mübariz Abdullayev 2013-cü il avqustun 21-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkəmə zalında həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 182.3.2 (hədə-qorxu ilə külli miqdarda əmlak tələb etmə) maddəsi ilə 10 il həbsə məhkum edib. Cinayət işi 2003-cü ildə Elşad Abdullayevin qardaşı Mahir Abdullayev oğurlandıqdan sonra Kürdəmir rayon Polis Şöbəsində qaldırılıb. Amma istintaq işləri 2012-ci ildə Elşad Abdullayev videolar yaydıqdan sonra davam etdirilib. Mübariz Abdullayevin oğlu Tehran Abdullayev deyib ki, atası hazırda cəzaçəkmə müəssisəsində qorxu içərisində yaşayır. O bildirib ki, hər an atasının həyatına təhlükə var. “Atam bizim vasitəmizlə ölkə rəhbərlərinə müraciət edir ki, onunla bağlı aparılan istintaq tam yanlışdır. O, heç zaman Elşad Abdullayevlə telefonla danışmayıb. 2003-cü ildə onun mobil telefonu olmayıb. Cinayət işində maddi sübut kimi göstərilən mobil telefon (050 3843308) o zaman Kürdəmir Rayon Polis Şöbəsinin rəis müavini işləmiş Qalib Tağıyevindir. Belə ki, 2003-cü ildə Ziya Səmədov (hazırda həbsdədir) adlı polis işçisi atam Mübariz Abdullayevi heyvan üçün ot almaq adı ilə çayxanaya dəvət edib, mobil telefonu stolun üstünə qoyub və bu zaman iki polis əməkdaşı atamı saxlayıb, telefonun ona məxsus olduğunu bildirib. Bu əsasla da atama qarşı cinayət işi başlanıb” deyə, o qeyd edib.
Tehran Abdullayev atasının barəsində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını, onun və ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsini ölkə rəhbərliyindən xahiş edir.
Maraqlıdır ki, Elşad Abdullayev etiraz etməsinə baxmayaq bu işdə zərərçəkmiş qismində tanınıb.
M.Abdullayev guya həmin mobil telefonla dəfələrlə əmisi Elşad Abdullayevə zəng edib və pul müqabilində onun qardaşı, özünün isə digər əmisi Mahir Abdullayevi qaytaracağını deyib. Elşad Abdullayev mediaya açıqlamalarında ona zəng edən şəxsin polis rəisinin müavini Qalib Tağıyevin olduğunu bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?