Bu gün Səbail Rayon Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi barədə iddiasına baxılıb.
P. Həşimli məhkəmə binasının qarşısında jurnalistlərə ona işgəncə verildiyini deyib. Daha sonra P. Həşimlinin vəkili Elçin Sadıqov müdafiə etdiyi şəxsin Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında qayçı ilə özünə xəsarət yetirmək istədiyini, lakin onun bu cəhdinin qarşısının alındığını bildirib.
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev isə açıqlamasında bu məlumatların əsassız olduğunu qeyd edib:
“Bunlar əsassız, fakta söykənməyən, yalan məlumatlardır. İndiyədək Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir fakt qeydə alınmayıb.
Bu, ümumiyyətlə, qeyri-mümkündür. Bildiyiniz kimi, Ombudsman Aparatının əməkdaşları, işgəncələrə qarşı qeyri-hökumət təşkilatlarının nümayəndələri mütəmadi olaraq Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlanma yeri və İstintaq Təcridxanasında monitorinq keçirirlər.
İndiyədək onlar tərəfindən saxlanılan şəxslərə qarşı hər hansı qeyri-qanuni hərəkətə, yaxud işgəncəyə yol verilməsi faktı qeydə alınmayıb. Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır” .
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində həbs-qətimkan tədbiri seçilib.
P. Həşimlinin bu gün keçirilən məhkəməsini yarımçıq tərk edən vəkili E. Sadıqovun məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Vəkil telefonlara cavab vermədiyindən və bugünkü proses qapalı keçirildiyindən məhkəmənin P. Həşimlinin iddiası ilə bağlı hansı qərarı verdiyini də öyrənə bilmədik.(apa)
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?