Binəqədi rayonu Abay Kunanbayev küçəsində yerləşən “Bolluq bazarı” həm xarici, həm də daxili görünüşü ilə viranəliyi xatırladır.
Bu bazarda vəziyyət sözün həqiqi mənasında acınacaqlıdır. Havaların soyuq keçməsi, xüsusən də, qar yağması bazarda vəziyyəti biraz da çətinləşdirir. Burada yağışdan, sudan qorunmaq üçün suni tavan düzəldilsə də, indi ondan əsər-əlamət qalmayıb. Cırıq-cırıq olmuş selofanlardan, sallanan ədyallardan süzülən yağış, qar damcıları bazarda vəziyyəti tamamən çətinləşdirib.
“Axar.az”a vəziyyəti izah edən satıcılar bazarın vəziyyətinin pis olduğunu, buna görə də satıcı qıtlığı yaşadıqlarını bildirdilər.
Bazarda çəkiliş edərkən satıcılar bazar boyu səkinin daim palçıq olmasından şikayətləndilər. Buna səbəb kimi Azərsu Açıq Səhmdar cəmiyyətinin keyfiyyətsiz işlərini səbəb göstərdilər.
Bazarda apardığımız müşahidən bəlli oldu ki, bu cür havalarda bura alış-veriş etmək üçün gələn çox az sayda alıcı görmək olar. Buna səbəb isə bazarın qarşısının tikinti işləri ilə əlaqədar olaraq söküldüyü, amma hələ də inşa işlərinin başlamamasıdır. Bazarın qarşısı yağışlı, qarlı havada istifadə olunmaz vəziyyə düşür.
Qeyd edək ki, hələ bu ilin aprel ayında bazarın söküləcəyi, yerində yeni, bütün standartlara cavab verən bir ticarət mərkəzinin inşa olunacağı bildirilirdi. Mətbuata danışan bazar rəhbəri Fərhad Məmmədov bütün tikinti işlərinin ilin sonunda yekunlaşacağını bildirsə də, bazarın aqibəti heç də dediyi kimi olmayıb. Burada nəinki ilin sonuna hazır olmaq, heç söküntü işlərinin tam olaraq başlamasından danışmaq mümkün deyil.
Məsələyə münasibət bildirməkdən boyun qaçıran Binəqədi Rayon İcra Hakimiyyəti suallarımıza cavab verməmək üçün hər cür bəhanədən istifadə etdi.
Bakı Şəhər İcra hakimiyyətinin mətbuat xidmətindən isə məsələyə gözlənilməz cavab gəldi. Suallarımızı cavablandıran Nurlanə Mərdanova hazırda İcra Hakimiyyətində bazarın sökülməsi ilə bağlı heç bir məlumatın olmadığını bildirdi.
Bazarın söküntü işlərinə görə Azərsu Açıq Səhmdar Cəmiyyətinin apardığı təmir işlərində yanlışlıqlar edilməsi ilə bağlı iradlara isə qurumun mətbuat xitmətinin rəhbəri Anar Cəbrayılov cavab verdi:
“Bütün komunikasiya xətlərinin qəzalı olan hissələrini təmir edib, işimizi yekunlaşdırmışıq. Həmin ərazidə heç bir problemimiz qalmayıb. Orada olan bütün kanalizasiya və su xətti tam normasındadır. Deyilən iradlar isə yersizdir”.
Qeyd edək ki, 8200 kvadrat metrlik bazarda ərzaq məhsullarından tutmuş ən xırda ev əşyalarına qədər satış həyata keçirilir. Bütün satış prosesi isə tavandan alıcının üzərinə damcılayan qar, yağış sularının altında baş verir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?