Paytaxt Bakının inşa edilən yeni tikililərin əksər mənzilləri neçə illərdir ki, boş qalıb. Ekspertlər bunun səbəbini müxtəlif amillərə əlaqələndirirlər. Bura əhalinin maddi durumunun aşağı olması, mənzillərin qiymətinin həddən artıq bahalığı, tikinti şirkətlərinin fərdi maraqları və digər səbəblər daxildir. Lakin xarici ölkələrdə yeni tikililərdə satılmayan mənzillərlə bağlı xüsusi vergilər təyin olunur. Belə ki, hansısa maraqlara və səbəblərə görə mənzillərin satışını saxlayan şirkətlər böyük məbləğli vergi vermək məcburiyyətində qalırlar. Nəticədə isə şirkətlər vergidən qurtulmaq üçün mənzilləri normal qiymətə satmağa məcbur olurlar. Azərbaycanda isə belə bir qanun olmadığından tam fərqli mənzərə ortaya çıxır. Yeni tikililərin qiymətinin baha olması isə mənzillərin satışında problem yaradır.
“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin icraçı direktoru, iqtisadçı-ekspert Ramil Osmanlı deyir ki, bu gün Bakı şəhərində boş qalan mənzillərin sayı 30 mindən çoxdur. Onun sözlərinə görə, onlardan satılmayanların sayı 20 mini ötür.
“Sahibkarlar əslində bu məsələdə maraqlı olmalıdırlar ki, mənzilləri satılsın. Azərbaycanda boş qalmış mənzillərin sahibləri olan tikinti şirkətlərinin kifayət qədər böyük maliyyə resursları mövcuddur. Onlar mənzili satmadan belə bazarda uzun müddətli duruş gətirə bilirlər. Bu baxımdan hesab edirəm ki, bütün məsələlərin həll edilməsi üçün dövlət tərəfindən öncə tikinti şirkətləri ilə bağlı bütün prosedurlar şəffaflaşdırılmalıdır. Nə qədər ki, bazarda tikinti şirkətlərinin gəlirləri, dövriyyə və mədaxilləri şəffaf olmayacaq, problemlər öz həllini tapmayacaq. Eyni halda şirkətlərin satılmayan mənzilləri ilə bağlı hər hansı bir verginin tətbiqi qiymətlərin artımına şərait yaradacaq”.
MBA Consaltingin direktoru Nüsrət İbrahimov deyir ki, yeni tikililərin əksəriyyəti yaşayışdan çox biznes məqsədi ilə alınır. Bu səbəbdən də yeni tikililərin çoxunun boş qalması ilə bağlı təəssürat yaranır. Ekspertin sözlərinə görə, hətta köhnə tikililərin də çoxu boşdur.
“Fikir versəniz, görərsiniz ki, yeni tikililərlə yanaşı köhnə binalarda da mənzillərin əksəriyyəti boşdur. Çoxları yeni tikililərdən ev alaraq köhnə mənzillərini tərk edirlər. Yeni tikililərin əksəriyyəti isə imkanlı şəxslər tərəfindən alınır. Həmin şəxslərin çoxu orta təbəqəyə aid olan biznes adamlarıdır. Onlar Bakıda kifayət qədər daşınmaz əmlak alıblar. İndi isə pullarını riskdən qorumaq üçün gəlirlərini ölkədən kənara yatırırlar. İkinci tərəfdən bəzilərinin övladları xaricdə təhsil aldığından onları mənzillə təmin etmək üçün ordan mənzil almalı olurlar. Bəziləri işlə əlaqədar və ya istirahət etmək üçün xaricə tez-tez gedib-gəlir. Orada rahatlığını təmin etmək üçün mənzil alır”.
Gənclərin və evsiz şəxslərin mənzillə olan tələbatını ödəmək üçün mənzil bazarları yaradılacaq. Artıq bununla bağlı layihələr hazırlanır.
Ekspertin sözlərinə görə, şirkətlər bununla bağlı layihələr hazırlayıb və bu istiqamətdə işlərə başlayıblar. “Bu gün də belə təcrübə var. Məsələn, Masazırda, Binəqədidə, Xırdalan kimi yerdə mənzillər tikilib ki, həmin mənzillər uzun müddətlik kreditlə alıcılara təklif olunur. Həmin yerlərdə 22 min manatdan 50 min manata kimi evlər təklif olunur. Şəhərdən kənarda, torpaq ucuz olan yerlərdə tikintinin maya dəyəri ucuz başa gələn ərazilərdə bu qiymətə mənzillər almaq olar. Mən şirkətləri anlayıram ki, bununla bağlı layihələr hazırlayıb bu istiqamətdə işlər aparırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?