“Biz Türkiyə mətbuatında Rza Zərrabın Bakı doğumlu olması məsələsi ilə bağlı araşdırma aparırıq”.
Bunu Azərbaycanın Türkiyədəki səfirliyinin mətbuat xidmətinin rəhbəri Elsəvər Salmanov bildirib. Onun sözlərinə görə, artıq Rza Zərrabın Bakı doğumlu olması haqqında türk mətbuatının yazdığı xəbərlərlə bağlı Azərbaycanın müvafiq qurumlarına müraciət ediblər:
“Əgər müvafiq qurumların apardığı araşdırmalardan sonra Rza Zərrabın Bakı doğumlu olması rəsmən təkzib edilərsə, o zaman Türkiyə qəzetlərinə bununla bağlı etirazımızı yollayacağıq”.
Qeyd edək ki, Türkiyə mətbuatı “rüşvət əməliyyatı” zamanı həbs olunmuş azərbaycanlı iş adamı Rza Zərrabın 1984-cü il Bakıda, zəngin ailədə doğulması və kiçik yaşlarından ticarətlə məşğul olması haqqında birmənalı olaraq rəy formalaşdırır. 1984-cü ildə Azərbaycanda Sovet hakimiyyətinin meydan suladığını nəzərə alsaq, R.Zərrabın “Bakıda, zəngin ailədə doğulması və ticarətlə məşğul olması” ciddi mübahisə doğurur.
Əlavə edək ki, R.Zərrab İran azərbaycanlısıdır və onun Bakıda doğulması, burda ticarətlə məşğul olması ilə bağlı indiyə qədər heç bir informasiya olmayıb. Türkiyədə yaşayan və şou-biznesdə olan yerli və azərbaycanlı xanımlarla münasibətinə görə gündəmə gələn R.Zərrabı türk mediası “rüşvət əməliyyatı”na qədər həmişə “İran azərbaycanlısı”, “İran vətəndaşı” olaraq təqdim edib.
Məhz indiki məqamda onun istintaqda “Tapşırıqları Azərbaycandan alırdım” deməsinin qabardılması və bakılı kimi təqdim olunması istər-istəməz “rüşvət əməliyyatı”nda Azərbaycanın adının daha çox hallandırması məqsədilə edildiyi rəyi yaradılır.(axar.az)
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?