Dekabrın 23-ü Bakı Apellyasiya Məhkəməsində jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayətinə baxılıb. Şikayət Pərviz Həşimlinin MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatətin təmin edilməməsindən – Səbail Rayon Məhkəməsinin 13 dekabr qərarından verilib. Vəkil Yalçın İmanov “Media forum” saytına deyib ki, proses hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilib: “Pərviz Həşimli çıxışında MTN-in istintaq təcridxanasında ona münasibətdə qeyri-insani işgəncə və ləyaqəti alçaldan rəftarla bağlı faktları sadaladı, qanunvericilikdə nəzərdə tutulmuş prosessual hüquqlarının təmin olunmadığını bildirdi. O, 13 dekabr məhkəməsindən sonra bir gün müddətinə karserə salınmasından danışdı. Mətbuatla tanış olmağa şərait yaradılmadığını, ailə üzvləri ilə görüşə və telefon danışığına imkan verilmədiyini, istintaqın süründürməçilik etdiyini, hüquq müdafiəçiləri ilə qapalı ünsiyyət hüququnun pozulduğunu qeyd etdi.
Çıxışımda bildirdim ki, MTN-in müvəqqəti saxlama yeri qanunvericiliyin tələblərinə ziddir, onun fəaliyyətini tənzimləyən normativ hüquqi akt yoxdur. Pərvizin MTN-də saxlanması onun mənəvi-psixoloji təzyiq mühitində saxlayıb sındırmaq və istintaqa sərf edən ifadələr əldə etmək məqsədi güdür. Amma şikayətimiz təmin olunmadı.
İşi aparan müstəntiq deyir ki, istintaqın nə vaxt bitəcəyi heç özünə də məlum deyil. Guya istintaqa Rza və Hüseyn adlı İran vətəndaşları cəlb olunub, bu şəxslər barədə sorğu ilə müraciət edilib və cavab gözlənir”.
Pərviz Həşimli sentyabrın 17-də digər Azərbaycan vətəndaşı Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi onlara odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma ittihamları irəli sürüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?