Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə respublikada əmək qanunvericiliyinə düzgün əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi sahəsində mövcud vəziyyətin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclas keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, iclasda vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 5 regional müfəttişliyin rəisləri işdən azad edilib, 11 müfəttişliyin rəislərinə isə töhmət verilib.
Daha 3 müfəttişlyin rəislərinin yerləri rotasiya qaydasında dəyişdirilib.
Müfəttişliklərin qeyri-leqal məşğulluq hallarının aşkar edilərək aradan qaldırılması ilə bağlı göstəricilərinin xeyli aşağı olduğu diqqətə çatdırılıb. Bildirilib ki, dövlət nəzarəti həyata keçirilmiş müəssisələrin cüzi bir qismində cərimələrin tətbiq olunması, hətta bəzi regionlarda il ərzində 250-dək müəssisədə yoxlama aparıldığı halda, onlardan heç birinə qarşı cərimə aktının yazılmaması aparılan yoxlamaların əslində formal xarakter daşıdığını göstərir. Əməyin mühafizəsi üzrə laboratoriyaların faktiki olaraq fəaliyyət göstərmədiyi, əmək müfəttişləri arasında yoxlamalar üzrə qeyri-bərabər bölgünün mövcud olması və digər nöqsanlar da qeyd edilib(Trend.az).
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?