İşgəncələr Əleyhinə Azərbaycan Komitəsi 2013-cü ildə yol verilən işgəncə faktları ilə bağlı növbəti məlumatlarını açıqlayıb.
Virtualaz.org azadliq.info-ya istinadən bildirir ki, həmin məlumatlar komitəyə daxil olan 115 şikayət əsasında hazırlanıb. Təşkilatın rəhbəri Elçin Behbudov bildirib ki, il ərzində 5 ölüm hadisəsi qeydə alınıb ki, bu faktlar da Milli Ordunun hərbi hissələrində baş verib. Bundan başqa, polis bölməsində bir nəfərin ölüm faktı qeydə alınıb. E.Behbudovun sözlərinə görə, əsasən hərbi hissələrdə, polis bölmələrində, Nəqliyyat Nazirliyinin və SOCAR-ın təhlükəsizlik idarəsinin işçiləri tərəfindən işgəncələr və qeyri-insani rəftarla bağlı şikayətlər daxil olur.
Bəs Azərbaycanda işgəncə faktları bu sadalanan hallarla bitirmi? Ümumiyyətlə ortaya çıxarılan işgəncə faktları ilə bağlı konkret addımlar atılırmı?
Hüquq müdafiəçisi Leyla Yunus bildirib ki, Azərbaycanda xüsusilə istintaq təcridxanalarında saxlanılan şəxslərə qarşı fiziki zorakılığın tətbiq edilməsi adət halını alıb: “Saxlanılan şəxs təcridxanaya yerləşdirilən kimi döyülməyə başlayır. Bu sahədə ən çox fəallıq göstərən struktur DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsidir. Saxlanılanlar ilk saatlardan döyülməyə başlayırlar”.
MTN təcridxanasının adının da işgəncə faktları ilə bağlı tez-tez hallandığını deyən L.Yunus vurğulayıb ki, onun fəaliyyəti ilə bağlı ciddi ziddiyyətlər var. Çünki bu təcridxana Ədliyyə Nazirliyinə tabe olmur.
Sorğu
Yeni dizaynımız necədir?