Keçmiş Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olmuş Mircəfər Bağırovun hakimiyyətə gəlməsinin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Virtualaz.org-un APA-ya istinadən məlumatına görə, M. Bagırovun qohumu Məmmədtağı Bağırov I katibin həyatı və siyasi fəaliyyəti barədə danışıb.
O qeyd edib ki, 1933-cü il dekabrın 27-dən Azərbaycana rəhbərlik edən M. Bağırovun hakimiyyətə gəlişindən sonra Azərbaycanda bir çox sahələr, xüsusilə neft sahəsi sürətlə inkişaf etməyə başlayıb: “Yeni-yeni fabrik və zavodların tikintisi onun göstərişi ilə həyata keçirilib. Onun hakimiyyəti illərində Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Texniki Universiteti istifadəyə verilib, 1927-ci ildə bağlanmış Bakı Dövlət Universitetinin fəaliyyəti yenidən bərpa edilib. Hesab edirəm ki, Mircəfər Bağırovun Azərbaycan xalqı qarşısında xidmətləri böyükdür və bu xidmətlər unudulmamalıdır”.
Sabiq millət vəkili Maksim Musayev çıxışında M. Bağırovu dahi şəxsiyyət kimi xarakterizə edərək qeyd edib ki, o, nəinki Azərbaycanda, bütün Qafqaz regionunda nüfuzlu şəxsiyyət olub: “O, həmişə azərbaycanlıları müdafiə edib. O, yalnız millət üçün çalışan adam olub və barəsində deyilən heç bir tənqidlərə layiq adam deyil”.
Tədbirin digər iştirakçıları da M. Bağırov barədə fikirlərini bildirib, onun haqqında xatirələrini bölüşüblər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?