“Mən ümumiyyətlə Azərbaycan tarixində müəyyən rolu olmuş insanların adının əbədiləşdirilməsinin tərəfdarıyam”. Bunu modern.az-a Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov Mir Cəfər Bağırovun xatirəsinin əbədiləşdirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, siyasi qüvvələr Azərbaycan tarixində rol oynamış şəxslər haqqında obyektiv yanaşma ortaya qoymalıdırlar. AKP rəhbəri Fransa tarixi ilə müqayisə apararaq fikirlərini belə əsaslandırıb: “Vaxtilə Fransada I Napoleon Bonapartın siyasi fəaliyyəti ilə bağlı müxtəlif ziddiyyətli fikirlər ortaya çıxmışdı. Son nəticədə qərara gəldilər ki, Napoleon Fransa üçün müsbət nəsə edib. Napoleon Fransa üçün bir şəxsiyyətdir. Mir Cəfər Bağırov da 20 il müddətinə Azərbaycan rəhbərlik edib. Onun mənfi və müsbət fəaliyyətini dəyərləndirmək olar. Həyatda heç kim ideal deyil. Səhvsiz insan yoxdur”.
Partiya sədrinin fikrincə, M.C. Bağırovun Azərbaycan üçün atdığı müsbət addımlar heç də az deyil. R. Qurbanov vurğulayıb ki, Bağırovun abidəsinin qoyulması, onun haqqında yeni tarixi səhifələrin açılması zəruridir: “Kommunist Partiyasının mərhum keçmiş sədri Ramiz Əhmədov Mir Cəfər Bağırova həsr olunmuş kitablar yazıb. Azərbaycan Kommunist Partiyasının Bağırovun fəaliyyətinin işıqlandırılması ilə bağlı konkret işi bundan ibarət olub. Ümumi olaraq partiyamız adından isə Mir Cəfər Bağırovun adının əbədiləşdirilməsi, ona abidə qoyulması ilə əlaqədar təşəbbüs olmayıb”.
Qeyd edək ki, Azərbaycana rəhbərlik etmiş şəxslərin siyasi portreti ilə bağlı müxtəlif səpkidə fərqli məqalələr, yanaşmalar ortaya qoyulub. Azərbaycanı idarə edən dövlət başçılarından ən çox müzakirəyə çıxarılanı Mir Cəfər Bağırovdur. Xatırladaq ki, 1933-1953-cü illərdə Azərbaycan SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin I katibi vəzifəsində çalışmış M.C. Bağırov haqqında cəmiyyətdə birmənalı fikir yoxdur. Onun siyasi fəaliyyətini təqdir edənlər olsa da, bəziləri M. C. Bağırov barədə kəskin tənqidi mövqe sərgiləyir. Ancaq müəyyən tarixi faktlara nəzər salsaq, M.C. Bağırovun müsbət siyasi hadisə sayıla biləcək addımlar atdığını da görə bilərik.
Sorğu
Yeni dizaynımız necədir?