Yerli İcra Hakimiyyətinin işçiləri 4 gün, 4 gecə söküntü işləri aparıblar
Azərbaycan Şəhərin mərkəzində yerləşən gördüyünüz bu yerdən Bakıda tikinti sahəsində dəyişikliklər başlayır desək yəqin ki, yanılmarıq. Burada qeyri-qanuni tikintinin başladığını məhz prezident İlham Əliyev aşkarladı. Onun Hacıbala Abutalıbova verdiyi göstərişdən sonra yarımçıq tikili söküldü.
Prezident İlham Əliyevin göstərişi deyəsən kifayət qədər sərt olub. Qonşu binaların sakinlərinin sözlərinə görə, yerli İcra Hakimiyyətinin işçiləri 4 gün, 4 gecə söküntü işləri aparıblar. Yarımçıq tikilinin sökülməsi zamanı qonşu evlərə də ziyan dəyib. Bakı sakinləri arasında geniş yayılmış bir zarafat var – İcra Hakimiyyəti orqanlarının, mənzil-kommunal təsərrüfatlarının və digər dövlət qurumlarının sayıq nəzarəti nəticəsində paytaxtda icazəsiz balkonu 10 santimetr qabağa çıxarmaq, hətta divara bir mıx vurmaq belə mümkün deyil. İndi necə olub ki, bu sayıq qurumlar şəhərin düz mərkəzində yeni tikintinin getdiyindən xəbərsiz olublar. Ritorik sualdır? Yəqin ki, ona, habelə sakinlərə dəyən ziyanın ödənilməsinə prezidentin tapşırığı ilə başladılan araşdırma nəticəsində cavab tapılacaq. Amma dövlət başçısı artıq bu sahədə qeyri-qanuni əməllərin sxemini açıqladı.
Prezident İlham Əliyev: “Özbaşınalıq və anarxiya ola bilməz. Qanunsuz tikirlər, sonra da gəlirlər bunu qanunsuz yollarla sənədləşdirirlər. Şəhərimizin bütün memarlıq ansamblı pozulur”.
Prezident İlham Əliyevin bu toplantıda şəhərin arxitekturası ilə bağlı bir neçə göstəriş verdi. Bunlardan biri şəhərin mərkəzi hissəsinin ümumi arxitekturası ilə bağlıdır. Paytaxta bu gün yuxarıdan nəzər saldıqda təmamilə fərqli mənzərə, arxitektur uyğunsuzluqlar müşahidə etmək olar. Bu şəhərin mərkəzi hissəsinin plansız tikintisi ilə bağlıdır.
İndi faktiki olaraq söhbət paytaxtın mərkəzi hissəsində hündür mərtəbəli binaların inşası prosesinin dayandırılmasından gedir. Çünki müşavirədə dövlət başçısı bina tikintisinə icazənin yalnız onun müvafiq infrastruktur obyektləri, məktəblər və uşaq bağçaları ilə təmin edildiyi halda verilməli olduğunu dedi. Şəhərin mərkəzində bu cür işlər aparmaq üçün yer kifayət qədər deyil. Bu isə o deməkdir ki, yeni tikintilər daha çox Bakının ikinci və üçüncü dairəsində aparılmalıdır. Şəhərin mərkəzi isə daha çox parklar və ictimai obyektlər üçün nəzərdə tutulmalıdır. Bu obyektlər paytaxtda yerləşən və fəaliyyətsiz qalan sənaye müəssisələrinin yerində tikilə bilər. Burada söhbət ilk növbədə dənizkənarında yerləşən müəssisələrdən gedir. Yaxın 5 ildə Nobel prospektinin Dəniz vağzalından neftayırma müəssisələrinə qədər olan hissəsində bulvar salınması planlaşdırılır. Bunun üçün neftayıtma müəssisələrinin Qaradağa köçürülməsi planlaşdırılır. Bu layihə həyata keçirildildən sonra Dənizkənarı Bulvar faktiki olaraq, Bayraq meydanından başlayıb Əhmədli qəsəbəsinə qədər uzanacaq.
Prezidentin paytaxtda parkların və ictimai iaşə obyektlərinin yaradılması ilə bağlı planlarının həyata keçirilməsi üçün Bakıda aparılan tikinti işlərinin ciddi yoxlanılmasına ehtiyac var. Müşavirədə dövlət başçısı Nobel prospektinin bir hissəsindəki çəpərlənmiş əraziyə toxundu və orada park salındığını dedi. Amma Bakıda bax belə çəpərlənmiş, hamıdan gizlədilmiş onlarla, yüzlərlə yer var ki, orada hansı işlərin görüldüyü heç kimə məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?