“Azadlıq”ın ötən sayında xəbər verilmişdi ki, Nəqliyyat Nazirliyinin rəhbərliyi avtobuslarda gediş haqlarının artırılması üçün ciddi iş aparır. Sürücülərə işə çıxmamaq, Nəqliyyat Nazirliyinə, Dövlət Avtomobil Xidmətinə, Nazirlər Kabinetinə, İqtisadiyyat və Sənaye Nazirliyinə müraciətlər etmək tapşırılır. Daha doğrusu, onlara hazır müraciətlər paylanır.
Virtualaz.org-un “Qafqazinfo”-ya istinadən məlumatına görə, iqtisadçı-ekspert Nemət Əliyev deyir ki, benzin və digər yanacaq məhsullarının qiyməti artırılmasıyla əslində, nəqliyyatda gedişhaqqının qalxacağının anonsu çoxdan verilib: “Nəqliyyat Nazirliyinin müraciəti əsasında Tarif Şurasının nəqliyyatda gedişhaqqını artırması bir bəhanədir. Bu qərar siyasi qərardır və heç bir iqtisadi əsası yoxdur. Yanacağın qiymətinin qaldırılması sırf siyasi, korporativ maraqlar fonunda baş verib. Tarif Şurası burada bir alətdir. Ondan bir vasitə kimi istifadə edirlər. Nəqliyyatda gedişhaqlarının qaldırılmasıyla bağlı da verilən siyasi qərar artıq qəbul olunub. Bircə qalır onu cəmiyyətə tətbiq etmək. Qeyd edim ki, yanacağın qiymətini artırmaqla nəqliyyatda gedişhaqqının qaldırılmasına əsas yaradıblar”.
Ekspert sözügedən qərarı yanlış hesab edərək, bunu əhalinin hazırkı sosial durumunda yolverilməz addım adlandırır: “İqtisadi cəhətdən vəziyyəti onsuz da ağır olan xalqın rifahını yaxşılaşdırmaq üçün layihələr işləyib hazırlamaqdansa, qiymət artımları gündəmə gətirilir. Xalq məcburi şəkildə onlara tətbiq edilən artımlara qarşı çıxmaq gücündə deyil. Ona görə də hakimiyyət yetkililəri xalqın başına olmazın oyunlarını gətirir. Xalqı bu vəziyyətə salmaq yox, onun sosial durumunu yüngülləşdirməyə yönəlik addımlar atılmalıdır…”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?