Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, 3126-cı məhəllədə yaşayan 36 qaçqın ailəsi Prezident Administrasiyası, eləcə də Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) binası qarşısında aksiya keçirəcək.
Bu məlumatı virtualaz.org saytına həmin ərazidə yaşayan məcburi köçkün Nailə Surxay qızı Şəfiyeva verib.
Şikayətçinin sözlərinə görə, metro stansiyasının tikintisi üçün ərazidə yaşayan sakinlərin köçürülməsi zamanı yalnız qaçqınları hüquqları pozulub: “Yanvarın 7-də Bakı Metropolitenindən nümayəndə gəldi, dedilər ki, sizə yalnız bir gün vaxt veririk. Bu gün evlərimizi tərk etməsək, başınıza uçurdacaqlar. Yanvarın 9-da buldozerlər gətirərək evlərimizi yerlə-yeksan edəcəklər. Buna görə də etiraz aksiyalarına başlayacağıq”.
N.Şəfiyevanın sözlərinə görə, 1995-ci ildən həmin ərazidə yaşayır: “Burada yüzlərlə ev vardı. Amma ərazi Bakı Metropoliteninin balansında olduğundan o evlərin hamısı sənədsiz idi. Hamı kimi qaçqınlar da pul verib torpaq sahəsi alıblar. Lakin köçürülmə zamanı yalnız 36 qaçqın ailəsinə kompensasiya verilmədi”.
Məcburi köçkün qeyd etdi ki, Bakı Metropoliteni qaçqın ailələrinin köçürülməsi üçün “Qaçqınkom”a vəsait ayırıb: “Bakı Metropolitenində Tağı Əhmədovun müavinlərinin qəbulunda olduq. Dedilər ki, “Qaçqınkom”a pul ödəyiblər. “Qaçqınkom”un rəhbəri Əli Həsənov isə bizimlə görüşdə həmin vəsaitə qaçqın ailələri üçün Masazırda evlər aldığını dedi. Həmin evləri bizə müvəqqəti məskunlaşmaq adı ilə verirlər. Belə çıxır ki, mənim evimin puluna “Qaçqınkom” mənə ev alır, özü də onu müvəqqəti yaşamağa verir”.
N.Şəfiyeva 9 sot ərazidə iki ev tikdiyini dedi: “Mənim oğlum hərbçidir, İraqda sülhməramlı qüvvələrin tərkibində qulluq edib. Həyatını təhlükədə qoyub yığdığı pullarla özünə ev tikib. İndi bizə iki mülkün əvəzinə ikiotaqlı mənzil verirlər. Digər qaçqın ailələri də mənim vəziyyətimdədir. Biz də digər ailələr kimi kompensasiya tələb edirik”.
Qeyd edək ki, qaçqın ailələri artıq bir neçə dəfə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezident Administrasiyasının qarşısındakı yolu bağlamağa cəhd ediblər: “Hətta Amerikanın Azərbaycandakı səfirliyinə də gedərək dərdimizi onlara dedik. Amma hər aksiyadan sonra yalnız vəd verildi. Bu dəfə isə sonadək mübarizə aparacağıq”.
Sorğu
Yeni dizaynımız necədir?