«Həbsxanaya göndərəndə dedilər ki, sən ordan çıxmayacaqsan»
gundemxeber.az Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevlə bağlı məlumat verib. A.Abdullayeva F.Əliyevin xahişiylə onunla görüşdüyünü və bu görüşdə sabiq nazirin təhlükəsizliyilə bağlı məsələni müzakirə etdiyini bildirib. Hüquq müdafiəçisi F.Əliyevin təhlükəsizliyilə bağlı problem yaşadığını diqqətə çatdırıb: “F.Əliyev həbsxanaya göndəriləndə ona deyiblər ki, sən ordan çıxmayacaqsan. Bu mənada mənimlə görüşməyi xahiş edən F.Əliyev təhlükəsizliyilə bağlı təminatdan narahat olduğunu söylədi. Lakin bu təhlükənin ona hardan gəldiyi, hansı mənbədən qaynaqlandığı barədə ad çəkmədi”. Sabiq iqtisadi inkişaf nazirinin hüquqlarını müdafiə komitəsinin rəhbəri olmuş professor Cəmil Həsənli də sözügedən məsələ barədə məlumatlı olmadığını söylədi. Buna baxmayaraq, C.Həsənli şübhə etmir ki, F.Əliyev müəyyən maraqlı qüvvələrin səyilə həbs olunub: “Bu baxımdan onun həbsdən çıxmamasına maraqlı olan qüvvələr var. Lakin həmin maraqlı qüvvələrin bilavasitə kimlər olmasını söyləmək mənim üçün çətindir. Hər halda, A.Abdullayevanın verdiyi informasiya kifayət qədər ciddi məlumatdır”. Natiq Hüseynov
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?