Məhəmməd Əbilhəsənov: “Dedim cənab başçı televizora baxırsan? Hər gün iqtisadi inkişafdan söz açılır. Bu camaatın pulu hardandır sənə pul yığıb versin...”
Beyləqan rayon, Qəhrəmanlı qəsəbə sakinləri, icra başçısı Vaqif Abdullayevin onlardan rüşvət tələb etdiyini iddia edirlər. Qəsəbə sakinlərinin verdiyi məlumata görə, hazırda içməli su üzünə həsrət qalıblar. Xatırladaq ki, 2012-ci ilin may ayında icra başçısı V.Abdullayev adıçəkilən qəsəbəyə gedib. Bu zaman qəsəbə sakinləri icra başçısına deyiblər ki, içməli su sarıdan əziyyət çəkirik. Bu zaman Vaqif Abdullayevin cavabı həm maraqlı, həm də qıcıqlandırıcı olub: “5 manatdan yığın sizin yaşadığınız əraziyə su çəkdirim” Bu sözlər isə Qəhrəmanlı qəsəbəsində yaşayan sakinləri hiddətləndirib. Qəhrəmanlı qəsəbə sakini Məhəmməd Əbilhəsənov deyir ki, Vaqif Abdullayev rayonda rüşvətxorluqla məşğuldur. Onun sözlərinə görə, icra başçısı onlardan su çəkdirmək adı altında 5 manat pul tələb edib: “Bunun kimi icra başçısı heç yerdə ola bilməz. Rüşvətxorun yekəsdir. Deyir 5 manatdan yığın sizə su çəkdirim. 2012-ci ilin may ayının 15 -də Qəhrəmanlı qəsəbəsinə gəldi və sakinlərlə görüş keçirdi. Sakinlər içməli suyun yoxluğundan şikayətləndilər. İcra başçısı bizə dedi ki, pul yığmasanız su çəkilməyəcək. Bu zaman dillənməli oldum. Dedim cənab başçı televizora baxırsan? Hər gün iqtisadi inkişafdan söz açılır. Bu camaatın pulu hardandır sənə pul yığıb versin. Vaqif Abdullayev dedi ki, səni yoxlatdıracam. Görüm sən kimsən. Hələ də içməli su üzünə həsrət qalmışıq”. Məlumat üçün bildirək ki, «Qəhrəmanlı – Beyləqan rayonunda şəhər tipli qəsəbə (1966-cı ildə). Qəhrəmanlı qəsəbəsinin daxil olduğu Qəhrəmanlı inzibati ərazi dairəsinin və eyniadlı bələdiyyənin mərkəzi. Bakıdan 285 km məsafədə, rayon mərkəzindən 18 km cənub-şərqdə, Daşburun dəmiryol stansiyasından 11 km aralı, Beyləqan-Orconikidze-İmişli şose yolu kənarında, Orconikidze adına kanalın sağ sahilində, Mil düzündədir. Şimaldan rayonun Yuxarı Aran və Mayak, şimal-şərqdən və şərqdən Bahar, cənub-şərqdən Dünyamalılar, cənubdan Birinci Şahsevən, cənub-qərbdən və qərbdən Yeni Mil, cənubdan Milabad, şimal-qərbdən Yuxarı Aran kəndləri ilə həmsərhəddir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?