Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkətinin Azərbaycan və Suriyadan banknot çapı üçün rüşvət alması faktı üzrə başlanacaq məhkəmə ölkənin baş bankirini bitirə bilər; Elman Rüstəmov acı sonluqdan özünü qorumaq üçün indidən hərəkətə keçib və yüksək qonorarla avropalı vəkillə müqavilə imzalayıb Xəbər verdiyimiz kimi, fevralın 17-də Vyana məhkəməsi Avstriyanın Mərkəzi Bankının törəmə şirkəti olan “OeBS” şirkətinin Azərbaycan və Suriyadan banknot çapı üçün sifarişlər almağının əvəzində bu ölkələrin Mərkəzi banklarının rəhbərlərinə on milyonlarla avro rüşvət verməsi ilə bağlı işə baxacaq. Virtualaz.org saytı bu barədə Avstriya mətbuatına istinadən xəbər verib.
Avstriyanın “OeBS” şirkəti ilə Azərbaycanın Mərkəzi Bankı arasında 2007-2010-cu illərdə bağlanmış müqavilələrə görə, azərbaycanlı məmurlara “şapka” ödənilməsi iki il əvvəl üzə çıxıb. Avstriyada ciddi qalmaqala səbəb olan bu rüşvət əməliyyatının araşdırılması zamanı məlum olub ki, “OeBS” şirkətinin rəhbərliyi Azərbaycan manatının çapı üçün sifarişləri almağın əvəzində Mərkəzi Bankın rəhbərliyinə bir neçə mərhələdə on milyonlarla avro rüşvət verib.
Analoji əməliyyat Suriyanın Mərkəzi Bank rəhbərliyi ilə də aparılıb. Avstriyanın Mərkəzi Bankının qubernatoru Volfhanq Duçatzek bu qalmaqala görə ötən il istefa verib. O, rüşvət əməliyyatından xəbərdar olaraq tədbir görməməkdə ittiham olunurdu. Bir qədər öncə Avstriya prokurorluğu bu korrupsiya qalmaqalı ilə bağlı rəsmi ittihamı açıqlamışdı. İttiham aktında göstərilib ki, Avstriya Mərkəzi Bankının törəmə şirkəti olan və banknotların çapını həyata keçirən OeBS şirkətinin rəhbər şəxsləri, habelə ölkənin Mərkəzi Bankının rəhbərliyinə daxil olan şəxslər Azərbaycan manatının çapı üçün bağlanmış müqaviləyə görə rəsmilərə iri məbləğlərdə rüşvət ödəyiblər. Konkret olaraq ittiham aktında şirkət rəhbərlərinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmova Panamada qeydiyyatdan keçmiş “Venkoy” adlı offşor şirkət vasitəsilə 14 milyon avro rüşvət verdiyi göstərilib.
Bank sektorundakı mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, Avstriya prokurorluğu rüşvəti alan tərəf kimi E.Rüstəmova qarşı hər hansı ittiham irəli sürməyib. Ancaq məhkəmə rüşvət faktını təsdiqləsə, E.Rüstəmova qarşı mütləq ittiham irəli sürüləcək. Hüquqi müstəvidə rüşvət faktı o vaxt tam sübuta yetirilmiş sayılır ki, rüşvət verən və alan şəxsin şəxsiyyəti bəlli olsun. Yəni E.Rüstəmova qarşı ittiham irəli sürməsi an məsələsidir. E.Rüstəmov da bu acı sonluqdan qorunmaq üçün artıq özünə yüksək qonorarla avropalı vəkil də tutub. Avropalı vəkillə müqavilə də imzalanıb. E.Eüstəmova qarşı rəsmi ittiham sürüləcəyi təqdirdə avropalı vəkil dərhal onun müdafiəsini həyata keçirəcək".
Bank sektorundakı mənbə iddia edir ki, hakimiyyət bu məsələdə E.Rüstəmovu qorumaq niyyətində deyil: “Ona bildiriblər ki, bu məsələdə özü-özünü müdafiə etməlidir. Yəni günahını hakimiyyətlə bölüşməməlidir. Ona görə də baş bankir çıxılmaz durumdadır. Həyəcanla Avstriya Məhkəməsinin çıxaracağı qərarı gözləyir. E.Rüstəmov özü və Azərbaycanın aidiyyəti strukturları ittihamı şərh etməkdən imtina edib gözləmə mövqeyi tutublar”.
Bu qalmaqalla bağlı Avstriya Mərkəzi Bankı «OeBS» şirkətinə Azərbaycan və digər bu kimi korrupsiyanın geniş yayıldığı ölkələrlə əməkdaşlıq etməyi qadağan edib. Şirkətə tapşırılıb ki, ancaq Avropadan olan müştərilərlə işləsinlər. Manat çapı üçün E.Rüstəmova ödənildiyi bildirilən milyonlarla avro isə təbii ki, Azərbaycan büdcəsinin pullarıdır. Belə ki, anlaşmaya görə qarşı tərəf müqavilənin dəyərini şişirdib və hər müqavilədə Mərkəzi Bank rəhbərliyinə 20 faiz haqq ödəyib. “Venkoy” şirkətinin isə İsveçrə və Hollandiya vətəndaşı olan 70 yaşlı qadının adına olduğu üzə çıxmışdı.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə əlaqə saxlamaq cəhdlərimiz uğursuz oldu. Gün ərzində telefon zənglərimizə cavab verən tapılmadı. Buna baxmayaraq, bank rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?