Vyanada Milli Bankın sədri Elman Rüstəmovun adı keçən qalmaqal davam edir Vyana regional cinayət məhkəməsində Azərbaycanın Mərkəzi Bankı ilə Avstriyanın banknot çap edən OeBS şirkəti arasında manat çapı müqavilələrində korrupsiya sövdələşməsi işi üzrə qalmaqallı məhkəmə prosesinin növbəti iclası olub.
Virtualaz.org saytı Avstriya mediasına istinadən xəbər verir ki, fevralın 24-də günün ikinci yarısında keçirilən iclasda OeBS şirkətinin keçmiş satış direktoru, iş üzrə təqsirləndirilən 9 nəfərdən biri olan və müttəhimlər arasında yeganə qadın Raluka Tanaseskunun dindirilməsi davam edib. 6 saatdan çox ifadə verən, vəkillərin, hakimin və prokurorun suallarına cavab verən Tanasesku yenə də OeBS şirkəti ilə 2005-2011-ci illərdə bağlanmış müqavilələrin nominal dəyərinin 20 faizi həcmində “şapka”nın Azərbaycanda kimlərə verildiyini açıqlamaqdan imtina edib. Əslən Rumıniyadan olan qadın deyib ki, həyatı üçün qorxur və heç kimin adını çəkə bilməz. “Mən heç bir ad çəkməyəcəyəm.Ona görə ki, qorxuram” - deyə qadın bildirib. R.Tanasesku deyib ki, 2011-ci ildə növbəti müqavilədən OeBS şirkəti ilə azərbaycanlılar arasında razılaşdırılmış 20 faizlik haqq ödənilməyəndə (həmin vaxt Avstriya prokurorluğu artıq OeBS şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasındakı rüşvət sövdələşməsindən şübhələnmişdi və araşdırma aparırdı) onu telefonda hədələdilər. R.Tanasesku deyib ki, Suriya Mərkəzi Bankının rəhbərləri ilə “cəmi” 14 faiz “şapka” razılaşdırılmışdı.
Qadın ifadəsində təsdiq edib ki, Azərbaycan tərəfdən rüşvəti tələb edənlər həqiqətən Mərkəzi Bankdan idilər. Razılaşdırılmış rüşvət məbləği isə müqavilənin ümumi dəyərində yer alırdı. “Bu anlaşmalar olmasaydı, biz işsiz qalardıq. Hətta mən özüm də” - deyə Tanasesku bildirib. OeBS şirkətinin keçmiş satış direktoru rüşvətin Azərbaycan Mərkəzi Bankının göndərdiyi müxtəlif offşor hesablara köçürüldüyünü, habelə “onunla şəxsən görüşən adamlar” vasitəsilə göndərildiyini deyib. Lakin Tanasesku yenə də ad çəkməkdən imtina edib. R.Tanasesku istintaq zamanı prokurora bildirib ki, həyatı üçün qorxur: “Biz bütün pulları göndərmişik, əks halda bu gün mən burada olmazdım”. R.Tanasesku ifadəsində deyib ki, rüşvət sövdələşməsi Avstriyada Federal Prokurorluq tərəfindən araşdırılmağa başlayanda və pul axını izləniləndə Azərbaycanda Mərkəzi Bankın Xəzinə Departamentinin rəis müavini həbs olunmuşdu. Onu 48 saat həbsdə saxlayıblar və 200 min avro ödəyəndən sonra günahkar kimi buraxıblar.
Lakin qadın bu pulların kimə getdiyini bilmədiyini deyib. Müttəhim bildirib ki, OeBS şirkətində Azərbaycan Mərkəzi Bankının rəhbərlərinə 20 faizlik “komission haqqı” getdiyini hamı bilirdi. İş üzrə ilk hökmün bu həftə sonu çıxarılacağı gözlənilir. Prokurorun məhkəmənin qapalı keçirilməsinə dair qaldırdığı vəsatətlərin heç birini hakim təmin etməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?