Sülh və Demokratiya İnstitutu 2014-cü ilin yanvar ayı üçün siyahı açıqlayıb "2014-cü ilin yanvar ayı üzrə Sülh və Demokratiya İnstitutunun siyahısı 38 “vicdan məhbusu” və 97 siyasi məhbusdan ibarətdir". Bu barədə Sülh və Demokratiya İnstitutunun (SDİ) rəhbəri Leyla Yunus yanvarın 23-də keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, nəticədə Azərbaycanda siyasi repressiyalara məruz qalanların sayı 134 nəfərdir. Onların arasında 116 nəfər barəsində məhkəmə hökmləri çıxarılıb, 6 nəfər hələ istintaq altındadır, 12 nəfərin məhkəməsi hələ də davam edir: "Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra könüllü olaraq 21 öhdəliyi öz üzərinə götürüb. Onlardan biri də “Siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə araşdırılmasının keçirilməsi” idi. Həmin vaxt da Avropa Şurasının Parlament Assambleyasının 1900 saylı Qətnaməsində “siyasi məhbus” anlayışının kriteriyaları göstərilib. Qeyd edilən kriteriyalar hələ 2001-ci ildə Avropa Şurasının Baş katibinin tapşırığı ilə müstəqil ekspertlər tərəfindən hazırlanıb. Bu Ermənistan və Azərbaycanın Avropa Şurasına daxil olması kontekstində edilib". L.Yunusun sözlərinə görə, 2001-ci ildə SDİ-nin siyahısı 716 siyasi məhbusdan ibarət idi. Həmin siyahıdan bu gün 21 nəfər həbsdə qalmaqda davam edir: "Siyasi məhbusların azad olunmasında AŞPA-nın siyasi məhbuslar üzrə həmməruzəçisi Corc Kleyfartın böyük rolu var. Onun işini Kristofer Ştrasser davam etdi. Lakin 26 yanvar 2013-cü ildə AŞPA-nın deputatları səs çoxluğu ilə K.Ştrasser tərəfindən hazırlandığı siyasi məhbuslar haqqında qətnamənin qəbul edilməsinin əleyhinə səs verib. İki dəfə həmin qətnamənin əleyhinə Azərbaycan üzrə həmməruzəçi Pedro Agramunt çıxış edib. Məhz həmməruzəçi P.Agramunt və Cozef Qrexin səylərinə görə, siyasi repressiyalara “yaşıl işıq” verilib. Onların sayı 84 nəfərdən (yanvar 2013-cü il) 134 nəfərə (yanvar 2014) qalxdı. 2013-cü il repressiyalar ili idi. Faktiki olaraq hər həftə sərbəst fikir ifadə etməyə cəsarət edən bir vətəndaş həbs edilirdi. Hazırda “vicdan məhbusları”nın məhkəmə proseslərinin monitorinqi göstərir: Keçən illərlə müqayisədə 2013-cü ilin oktyabr ayında olan prezident seçkilərindən sonra məhkəmə prosesləri imitasiya xarakteri daşıyır, hakimlər siyasi sifarişlərin həyata keçirilməsində səmimidirlər. Ən sərt hökmlər və cəza qismində uzun müddətə azadlıqdan məhrum olunması mövcuddur. Həm istintaq, həm də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər güclü fiziki və psixoloji təzyiqlərə məruz qalırlar".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?