Mustafa Axundov: “Vətəndaşların problemlərinin həllinə yardım etdiyimiz üçün yerli icra orqanlarının təzyiqlərinə məruz qalırdım”
Azərbaycanda insan hüquqlarının pozuntusu, vətəndaş cəmiyyəti institutlarına qarşı basqılar davam edir. Yeni təsis edilən vətəndaş cəmiyyəti institutlarının qeydiyyata alınmaması ilə yanaşı, fəaliyyətdə olan təşkilatlara da əngəllər yaradılır. Ötən gün Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini şərlənərək həbs edilməsi də bu təhlükənin qaldığının göstəricisidir. Hakimiyyət insan haqlarının qorunmasında fəallıq göstərən istənilən şəxsə qarşı dözümsüzlük göstərir. SosialTəşəbbüslər və İnsan Hüquqları İctimai Birliyinin sədri Müstafa Axundov da deyir ki, həbs təhlükəsi ilə üzləşdiyi üçün vətəni tərk etmək məcburiyyətində qalıb. Hazırda İsveçdə yaşayan Mustafa Axundov deyir ki, fəaliyyəti ilə bağlı daim təzyiqlərlə üzləşib: “Ədliyyə Nazirliyi uydurma bəhanələr gətirərək təşkilatı qeydiyyata almaqdan imtina etdi. Bu quruma dəfələrlə edilən müraciətlər, sənədlər geri qaytarıldı. Azərbaycan Respublikası qanunvericiliyinə görə, QHT-lərin qeydiyyatdan keçmədən fəaliyyəti qanunsuz sayıldığına görə təşkilatımız fəaliyyət göstərə bilmədi. Bundan sonra hüquqlarımı məhkəmə qaydasında qorumağa çalışdım. Təşkilatın qeydiyyata alınmasından əsassız imtinaya görə Ədliyyə Nazirliyindən məhkəməyə şikayət etdik. Amma birinci instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Ədliyyə Nazirliyinin lehinə qərar çıxardı. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət etsək də, rədd cavabı aldıq. Daha sonra Azərbaycan Ali Məhkəməsinə müraciət etdik, ancaq əvvəlki məhkəmə instansiyalarının qərarları qüvvədə saxlanıldı. Hazırda iş Avropa İnsan Hüquqları Məhkəməsindədir. Bu cür qanunsuzluqlara və digər haqsızlığa məruz qalan vətəndaşların problemlərinin həllinə yardım etdiyimiz üçün isə yerli icra orqanları tərəfindən müxtəlif təzyiqlərə məruz qalırdım”. M.Axundovun sözlərinə görə, hakimiyyətin apardığı bu siyasət nəticəsində respublikamızda siyasi məhbusların sayı ildən-ilə artır: “Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra könüllü olaraq üzərinə 21 öhdəlik götürüb. Onlardan biri də “Siyasi məhbusların azad edilməsi və ya yeni məhkəmə araşdırılmasının keçirilməsi” idi. Həmin vaxt da Avropa Şurasının Parlament Assambleyasının 1900 saylı Qətnaməsində “siyasi məhbus” anlayışının kriteriyaları göstərilib. Bu kriteriyalar hələ 2001-ci ildə Avropa Şurasının Baş katibinin tapşırığı ilə müstəqil ekspertlər tərəfindən hazırlanıb. Amma hakimiyyət üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. 2014-cü il üçün isə siyasi məhbus məsələsi daha da ağırlaşıb. Onların sayı 2013-cü ildə 84 nəfərdən 2014-cü ildə 134 nəfərə çatıb. Faktiki olaraq hər həftə sərbəst fikir ifadə etməyə cəsarət edən bir vətəndaş həbs edilirdi. Hazırda hüquq müdafiəçilərinin hazırladıqları siyahıda 38 vicdan, 96 siyasi məhbusun adı var. 38 vicdan məhbusundan 11 nəfəri jurnalist və bloggerdir. Onlar Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Sərdar Əlibəyli, Nicat Əliyev, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanov bu gün də məhbus həyatı yaşayır. Hüquq müdafiəçiləri Anar Məmmədli, Qurban Məmmədov, Həsən Hüseynli saxta ittihamlarla həbsdə saxlanılır. Siyasi fəallar, Müsavat başqanının müşaviri Yadigar Sadıqov və REAL Hərəkatının sədri İlqar Məmmədov azadlıqdan məhrum edilib. 8 nəfər “NİDA”çı gənc qurama ittihamlarla həbsxanaya atılıb. Hazırkı rejim inanclı insanlara qarşı da dözümsüzlük nümayiş etdirir. Adları vicdan məhbusları siyahısında olan Taleh Bağırov və Mövsüm Səmədov hakimiyyətin ən yuxarı eşalonunda təmsil olunanlar barədə tənqidi fikirlərinə görə həbs olunublar. Bu şəxslərə qarşı həm istintaq, həm də məhkəmə istintaqı zamanı güclü fiziki və psixoloji təzyiqlər olub”. M.Axundovun sözlərinə görə, ölkədə baş verənlər hakimiyyətin repressiya siyasətini davam etdirdiyini göstərir: “Hakimiyyət bu yolla müxalif fikri, alternativ düşüncəni boğmağa çalışır. İnsan hüquqlarnın müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti nümayəndələrini bu fəaliyyətdən çəkindirmək istəyir. İcra orqanlarının göstərişləri ilə işləyən məhkəmələr vasitəsi ilə hakimiyyət alternativ fikir səsləndirən hər kəsi həbs edə bilər. Hazırda baş verənlər repressiya dalğasının davam etdiyinin göstəricisidir”. HÜSEYN
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?