Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov modern.az-a bildirib ki, Rəqabət Məcəlləsi və “Reklam haqqında” qanun Milli Məclisin yaz sessiyasında müzakirə olunacaq.
“Hər iki sənədin gündəliyə salınmasını istəyirdik. Daha sonra bildirdilər ki, hər iki qanun Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb”, – deyə Vahid Əhmədov bildirib.
Qeyd edək ki, Azərbaycanda inhisarçılığa qarşı mübarizənin gücləndirilməsi yönündə hazırlanan Rəqabət Məcəlləsi Milli Məclisdə iki oxunuşda qəbul edilib.
Qanun layihəsi inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir. Bundan öncə bazardakı inhisarçılığın qarşısının alınması üçün Antiinhisar Komitəsi yaradılmışdı. Sonradan bu komitə keçmiş İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edildi və İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Hüquqlarının Müdafiəsi Xidməti adlandırıldı. Amma bu komitənin fəaliyyəti bazarda inhisarşılığın qarşısını ala bilmədiyindən müzakirəyə çıxarılacaq qanuna görə, bazara nəzarət edəcək yeni komitənin yaradılması və birbaşa prezidentə tabe olması təklifləri irəli sürülür.
4 fəsil, 38 maddədən ibarət olan “Reklam haqqında” qanunda isə reklama dair ümumi və xüsusi tələblər, məhdudiyyətlər müasir dövrün tələblərinə uyğunlaşdırılıb. Bir sıra reklam subyektlərinin məsuliyyəti gücləndirilib. Layihədə elektron vasitələrlə reklama dair yeni qaydalar müəyyən olunub, reklamın yalnız abunəçi ilə bağlanılan müqavilə əsasında yayımlanması təklif edilib. Həmçinin, televiziya verilişlərində yerləşdirilən reklamın vaxt məhdudiyyətləri dəqiqləşdirilib, bir sıra verilişlərdə reklamın yayımlanmasının xüsusi qaydaları müəyyənləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?