Evdən uşağına saqqız almaq adı ilə çıxan gənc polislər tərəfindən döyüldü
Quba rayonunda xuliqanlıqda və hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Əli Daşdəmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Əli Daşdəmorov 13 aprel 2016-cı il tarixdə, saat 00.10-da sərxoş vəziyyətdə Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Oskar” otelinin qarşısında ictimai qaydanı pozub. O, heç bir əsas olmadan Daxili İşlər Nazirliyinin Quba regional mühafizə şöbəsinin manqa komandiri Pərviz Əlislamovun ünvanına nalayiq ifadələr işlədib.
Bu zaman manqa komandiri onu nizam-intizama dəvət edib. Lakin Əli Daşdəmirov qanunazidd hərəkətlərini davam etdirib. Bu səbəbdən Pərviz Əlislamov mobil telefonu ilə Quba rayon polis şöbəsinin post-patrul xidməti taqımının əməkdaşlarına məlumat verib.
Təxminən 3 dəqiqə sonra “Fiat Doblo” markalı xidməti polis maşını ilə tağımın manqa komandiri, polis serjantı Samir Hidayətov polis nəfərləri - Ramil Mehrəliyev və Yalçın Abasov ilə hadisə yerinə yaxınlaşıb. Orada Əli Daşdəmirov sakitləşməyib.
Bu səbəbdən polis əməkdaşları onu post-patrul xidmətinin avtomobilinə mindirərək, rayon polis şöbəsinə aparmaq istəyiblər. Əli Daşdəmirov avtomobilin salonunda qəflətən Ramil Mehrəliyevin gözünün altına yumruqla zərbə vurub.
Bundan başqa Əli Daşdəmirov həmin ilin avqustun 2-də, saat 23 radələrində Quba şəhəri, Azadlıq küçəsi 227 ünvanında yerləşən “Nar” kafesində tanışları ilə yeyib-içib. Əli Daşdəmirov onların əyləşdiyi stola xidmət edən ofisiant Gülnarə Abdullayevanın yanında nalayiq söyüşlər işlədib.
Gülnarə Abdullayeva ona söyüş söydüyü üçün iradını bildirib. Bu zaman Əli Daşdəmirov heç bir əsaslı səbəb olmadan kafedə istirahət edən çoxlu sayda müştərilərin yanında sərxoş vəziyyətdə səs-küy salıb, Gülnarə Abdallayevanın ünvanına nalayiq söyüşlər söyüb, təxminən 20-25 dəqiqə ərzində kafedə istirahət edən vətəndaşların normal həyatı, kafenin isə fəaliyyəti üçün təhlükə yaradıb.
Əli Daşdəmirov oturduğu dəmir stulu əlinə götürərək, ondan qorxaraq aralanmaq istəyən Gülnarə Abdullayevaya tərəf atıb. Onun atdığı stul Gülnarə Abdullayevanın başından dəyib. Bununla da Gülnarənin sağlamlığına yüngül zərər vurub.
“Məndən “sən məni söyürsən?” - deyə soruşdu”
İstintaq orqanı tərəfindən Əli Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törətmək) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə, zor tətbiq etməklə müqavimət göstərmə və ya onun yaxın qohumlarına qarşı həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmə və ya belə zor tətbiq etmə hədəsi ilə hədələmə) maddələri ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində dindirilən Əli Daşdəmirov elan olunmuş ittihamda özünü qismən təqsirli bilib. O, bildirib ki, aprelin 4-də, axşam saat 22 radələrində uşağına saqqız, özü üçün isə siqaret almaq məqsədilə yaşadığı evdən çıxaraq mağazaya gedib: “Mağazaya girməzdən əvvəl Quba şəhərindəki “Meqa” marketin yanında yerləşən “Oskar” adlı kafeyə girdim. Kafedə orada əvvəllər taksi sürücüsü işləmiş tanışım Namiki gördüm. Namik sərxoş olduğundan ona öz maşını ilə deyil, taksi sürücüsü Mətləblə getməsini məsləhət gördüm. Namik Mətləblə danışmadığını bildirdi. “Meqa” marketin yaxınlığında Mətləbin ünvanına zarafatyana bir ifadə işlətdim. Həmin vaxt yanlarından gözlənilmədən keçən tanımadığım polis nəfəri yaxınlaşdı və məndən “sən məni söyürsən?” - deyə soruşdu. Mən isə onu və ya kimisəni söymədiyimi, onu heç tanımadığımı dedim”.
“Polis əməkdaşı məni nalayiq ifadələrlə söydü”
Əli Daşdəmirovun sözlərinə görə, bu vaxt onun başı qarışıb, yanındakı tanışı Namik də oradan gedib: “Mən isə həmin vaxt “24 saat market”ə girdim. Marketdən çıxanda post-patrul xidməti avtomaşının orada dayandığını gördüm. Maşına yaxınlaşanda orada 3 nəfər polis nəfərinin dayandığının şahidi oldum. Polis nəfərləri məndən nə baş verdiyini soruşdular. Anlaşılmazlıq olduğunu, kimsəni söymədiyimi bildirdim. Bu vaxt polis əməkdaşları məndən maşına oturmağımı və polis şöbəsinə getməyi tələb etdilər. Nəyə görə polis şöbəsinə getməli olduğumu soruşdum. Polis əməkdaşları zorla qolumdan tutdular və maşına mindirdilər. sonra da polis şöbəsinə aparmdılar. Polis əməkdaşları qolumdan tutub, avtomaşına otuzduran zaman söyüş söyməmişəm. Heç bir polis işçisinə müqavimət göstərməmişəm. Həmçinin məni avtomaşınla polis şöbəsinə apararkən polis əməkdaşı Ramil Mehrəliyevi vurmamışam. Avtomaşında Ramil Mehrəliyev adlı polis işçisi dizi ilə sinəmdən tutaraq saxlayıb, məni nalayiq söyüşlərlə söyüb və mədəmə vurub. Həmin vaxt səsim çıxmasın deyə polis əməkdaşı əli ilə ağzımı tutub”.
“Sinəmdən təpiklə vurdu”
Əli Daşdəmirov ifadəsində işgənclərə məruz qalmasından da danışıb: “Həmçinin polis əməkdaşları məni Quba rayon polis şöbəsinə aparanda avtomobildə qollarımı arxaya burdular. Bu zaman bir polis əməkdaşı sağ qolumu, biri isə sol qolumu tutdu. Polis avtomaşınında qollarım arxaya burulub, başım isə əyilmiş vəziyyətdə polis şöbəsinə aparılmışam. Belə olan şəraitdə heç bir polis əməkdaşını vura və xəsarət yetirə bilməzdim. Rayon polis şöbəsində olanda Ramil Mehrəliyev məni nalayiq söyüşlərlə söydü. Sonra Ramil qaça-qaça gələrək, sinəmdən təpiklə vurdu. Zərbənin təsirindən yerə yıxıldım”.
Əli Daşdəmirovun sözlərinə görə, polis əməkdaşları tərəfindən tutulub, polis şöbəsinə aparılanda onun nəyə görə, kim tərəfindən və hansı vaxtda tutulması ona bildirilməyib: “Mənim hüquqlarım, o cümlədən müdafiəçiyə malik olmaq hüququm izah edilməyib. Eyni zamanda kimsə tərəfindən inzibati məsuliyyətə də cəlb edilməmişəm. Həmçinin həmin vaxt polis əməkdaşları tərəfindən tutulmağım protokollaşdırılmayıb. Tutulmağım barədə fakt polisdə qeydə alınmayıb”.
“Bildirdi ki, brat, söyüş işlətmə”
Təqsirləndirilən şəxs qeyd edib ki, avqustun 2-də, saat 18 radələrində Quba şəhər bazarında yerləşən “Aynur” kafesində şərab və araq içib: “Həmin gün saat 22 radələrində Quba rayonu 2-ci Nügədi kənd sakini olan dostum Səttar Balayevlə yolda rastlaşdıq. Birlikdə pivə içmək üçün Gülnarənin işlədiyi “Nar” kafesinə getdik. Həmin vaxt kafedə çoxlu müştərilər oduğundan, stolların çoxu məşğul idi. Hava isti olduğundan stolların çoxu çölə qoyulmuşdu. Səttarlə birlikdə kafenin həyətinə girdik. Bizdən qabaq kafeyə gəlmiş tanışımız Zaurgilin stolunda əyləşdik. Həmin vaxt stolda Zaurun öz tanışı Günel və tanımadığım bir nəfər oğlan da olub. Stola pivə və yemək sifariş etdik. Həmin vaxt stollara Gülnarə özü xidmət edib, ona kafeni işlədən Əli də kömək edib. Sifariş etdiyimiz yemək hazır olduqdan sonra Gülnarə yeməyi gətirdi. Bu zaman yanımdakı adamlarla ucadan söyüşlə danışırdım. Gülnarə əlindəki yeməyi stolun üstünə qoyaraq, sağ əlini çiynim üzərinə qoydu və bildirdi ki, brat, söyüş işlətmə, süfrəyə çörək qoyuram”.
“Stulu Gülnarənin üstünə atdım”
Əli Daşdəmirov bildirib ki, Gülnarənin hərəkətlərindən əsəbləşib: “Bu səbəbdən Gülnarənin ünvanına nalayiq ifadələr işlətdim. Ona “rədd ol başımdan”, - deyə bildirdim. Gülnarə yenidən “burada söyüşlə danışma” dedi. Bu zaman Gülnarəyə qarşı yenə nalayiq ifadələr işlədərək, “yaxşı edirəm, sən kimsən” dedim. Bundan sonra Gülnarə söyüşlərimi özümə qaytardı. Bundan daha da əsəbləşərək, əyləşdiyim stulu götürərək, Gülnarənin üstünə atdım. Həmin vaxt Gülnarə əlini başına tutaraq yerində dayandı. Lakin atdığım stulun konkret olaraq Gülnarənin bədəninin hansı nahiyəsinə dəydiyini görməmişəm. Sonra dostum Səttər və digər şəxslər bizi sakitləşdirdilər. Bizim aramızda mübahisə təxminən 10-15 dəqiqə çəkdi. Bundan sonra Gülnarə mənə qarşı nalayiq ifadələr işlədərək, kafenin mətbəxinə doğru getdi. Az sonra Quba rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəldi. İzahatımızın alınması üçün məni, Gülnarəni və dostum Səttarı rayon polis şöbəsinə apardılar. Hazırda zərərçəkmiş Gülnarə Abdullayeva ilə barışmışam. Gülnarə Abdullayevanın mənə qarşı şikayəti yoxdur. Himayəmdə iki azyaşlı uşağım var. Qeyd olunanları nəzərə alaraq, mənə yüngül cəza verilməsini xahiş edirəm”.
Polisə müqavimət sübuta yetirilmədi
Quba rayon Məhkəməsinin hökmü ilə Əli Daşdəmirovun barəsində hökm elan edilib. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə əməlində olan cinayəti sübuata yetirə bilməyib, həmin maddə ilə ona bəraət verilib.
Əli Daşdəmirov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib. Onun bundan əvvəl barəsində çıxarılan Quba rayon Məhkəməsinin 18 dekabr 2014-cü il tarixli hökmü hazırkı hökmlə birləşdirilib.
Məhkəmə onun barəsində 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə və 4 min manat cərimə cəzası təyin edib. Hökmə əsasən Əli Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona təyin edilmiş 3 il 6 ay həbs cəzası 2 il sınaq müddətinə olmaqla şərti hesab edilib.
Prokuror şikayət etdi, hökm dəyişdirildi
Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Əli Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə ittiham verilməsini, 70-ci maddənin hökümdən xaric edilməsini, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini istəyib.
Prokurorun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə aparılan araşdırma zamanı prokurorun protesti təmin edilib, Quba rayon Məhkəməsinin hökmü ləğv edilib, Əli Daşdəmirovun barəsində yeni hpkm çıxarılıb.
Yeni hökmə əsasən, Əli Daşdəmirovun barəsində Cinayət Məcəlləsinin 315.1-ci maddəsi üzrə verilən bəraət hökmü ləğv edilib.
Məhkəmə Əli Daşdəmirovun Cinayət Məcəlləsinin 221.3 və 315.1-ci maddələri ilə təqsirli bilinib. Onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza verilib, onun barəsində çıxarılan əvvəlki hökm hazırkı hökmlə birləşdirilməklə 4 min manat miqdarında cərimə cəzası qüvvədə saxlanılıb.
Sorğu
Yeni dizaynımız necədir?