Ey siyasətə qarışmayıb, başını aşağı salıb balasını dolandıran sevgili Azərbaycan xalqı!
Sən siyasətə qarışmadığın üçün yüz milyardlarla sərvətini talayıb ofşorlara daşıdılar, səni isə milyardlar sahibiykən, dilənçi, səfil halına saldılar.
Sən siyasətə qarışmadığın üçün balalarını Tərtərdə kütləvi şəkildə zorladılar, işgəncə altında öldürüb murdar ət kimi gizlincə dəfn etdilər.
Sən siyasətə qarışmadığın, öz ölkəndə xarici turist kimi yaşadığın üçün Nardaranda güllələndin, Gəncədə bıçaqlandın, Yasamalda alçaldıldın, Saatlıda rezin güllələrlə düzüldün, Daşkəsəndə zülmə uğradın, indi də Gədəbəydə ağbirçək analarının gözünə bibər qazı sıxıb yerlərdə sürüyürlər.
Gədəbəyin Söyüdlü camaatının dərdi nədir?
İşsizdirlər, ancaq iş istəmirlər.
Çörəksizdirlər, ancaq çörək də istəmirlər.
Yaşamaq istəyirlər. "Təbiətimizi, torpağımızı, suyumuzu sianid turşusu ilə zəhərlənib bizi potensial xərçəng, qan-damar xəstələrinə çevirməyin" deyirlər.
Hakim ailənin qızıl mədənlərində ucuz qızıl əldə etmək üçün köhnəlmiş, təhlükəli texnologiyalardan istifadə edilir, nəticədə sianid tullantılarını axıtmaq üçün həmin ərazidə yaradılmış 10 ha ərazisi olan süni göl kifayət etməyib, indi Söyüdlü kəndinin 48 ha ərazisində sianid tullantıları üçün ikinci süni göl yaradırlar.
Sianid zəhərdir. Yüksək dozada tətbiq edildikdə insanı bir neçə dəqiqəyə məhv edir. Qəsdən adamöldürmə cinayətlərində ən çox qullanılan zəhərdir, çünki 100 faizlik ölüm nəticəsi verir.
Sianid zəhərlənmələri nisbətən kiçik dozada baş verdikdə infarkt və digər qan-damar xəstəliklərinə, ağciyərin məhvinə və xərçəng xəstəliklərinə səbəb olur.
İnsanı bir neçə dəqiqədə öldürən zəhərin təbiətə əks təsirini düşünməyi sizə və Laçın yolunda aylar uzunu fədakarlıq edən ekofəallarımıza buraxıram. Əminəm ki, ən azı Vilayət Eyvazovun istefasına nail olacaqlar(((.
Ey siyasətə qarışmayıb balasını dolandıran (dolandıra da bilməyən) uca millətim, sən artıq yaşamaq haqqının əlindən alınması gerçəyi ilə üz-üzəsən. Milyonlar qazanmaq uğruna səni sianid turşusu ilə zəhərləyib öldürənlərə etiraz etməkdir məsələ, siyasət də deyil.
Bir ailənin şəxsi təsərrüfatından axıdılan sianid turşusu ilə zəhərlənib ölmək, xərçəng, ürək xəstəliyinə tutulmaq istəmədiyinə görə ağbirçək analarının üstünə Daxili Qoşunlar yeridilirsə, bu ölkənin adından "Respublika", 10 milyonun üzərindən də "vətəndaş" sözlərini atmaq lazımdır.
Biz qul və köləyik, torpağımız, əmlakımız, hətta canımız belə bizə yox, sahibi-ixtiyarlarımıza məxsusdur. Yaşamağımızı istəsələr yaşayacağıq, "öl" desələr, əlbəttə ki, ölməliyik. O cümlədən, sionid turşusu ilə zəhərlənib ölməliyik.
Sorğu
Yeni dizaynımız necədir?