“Şüşəni sındırıb, oğurlamaq üçün sadəcə ətir tapıblar”.
Bu sözləri Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov deyib. Məsələ burasındadır ki, Akif Qurbanovun şəxsi avtomobilinə basqın edilib. Maşının şüşəsi sındırılıb və sandıqçadan sadəcə ətir oğurlayıblar.
A.Qurbanovun sözlərinə görə, hadisə haqqında səhər saatlarında xəbər tutub: "Qonşu gəlib deyəndən sonra xəbər tutdum ki, maşını yağmalayıblar. Polis çağırdım, gec də olsa gəldilər, baxdılar. Məlum oldu ki, sadəcə ətir oğurlayıblar. Maşında qiymətli bir şey olmadığı üçün gücləri ona çatıb. Amma avtomobilimin şüşəsi sındırıldığı üçün maddi ziyanım az deyil".
Son zamanlarda bənzər hadisələrin sayrı getdikcə artır. Məsələn, bir neçə gün öncə jurnalist Anar Rəsulun da avtomobili yağmalanıb. Naməlum şəxslər jurnalistin yaşadığı Binəqədi rayonunda şəxsi avtomobilinin arxa sol şüşəsi sındırılaraq oturacaqda olan çantanı oğurlayıblar. Həmin çantada jurnalistin mobil telefonları, planşet, “Samsung Gear 360°” çəkiliş kamerası, “Canon 550D” fotokamera, müxtəlif bank kartları, mobil operatorlara aid simkartlar, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, texniki pasport, jurnalist vəsiqəsi, VÖEN vəsiqəsi və digər sənədlər olub.
Bəhs etdiyimiz iki hadisə son zamanlarda baş verən onlarla hadisənin kiçicik bir hissəsidir. Qeyd edək ki, uzun zamandır oxşar hadisələrin sayı olduqca az idi. Son hadisələr isə bunu göstərir ki, bu tipli oğurluqları törədən yeni bir quldur dəstəsi yaranıb. Dəstə üzvləri gecə saatlarında binaların önündə dayanan, təhlükəsizlik kameraları olmayan yerlərdə maşınlara bir-bir baxırlar, incləyərilər. Şüşəsindən içəri boylanıb, oturacaqda bahalı bir əşyanın olub-olmamasına diqqət yetirirlər. Əgər oturacaqda gözlərinə dəyərli bir şey dəyirsə, dərhal şüşəni qırıb, oğurluq edib, qaçırlar.
Bu dəstənin üzvləri xüsusi olaraq bahalı görünüşə malik avtomobillərə hücum çəkirlər və çox təcrübəli davranırlar. Belə ki, bu qədər oğurluğa rəğmən onlardan heç birini görən olmayıb. Məlumata görə, quldur dəstəsinin "məharətləri" bununla da bitmir.
Məsələ burasındadır ki, son zamanlar axşam vaxtlarında evinə tək gedən qadınlara da hücum çəkilir. Belə ki, dəstə üzvləri şadlıq saraylarının ətrafında gəzişirlər. Toydan çıxan və evinə tək yollanan qadınları gözlərinə kəsdirib, sakit bir yerdə həmin qadına hücum çəkirlər. Qurbanın üzərində olan qızıl-zinət əşyalarını zorla ondan alıb, qaçırlar.
Son bir neçə ay ərzində oxşar hadisələrin sayı olduqca artıb. Polis bölmələrinə bənzər quldurluq hadisəsi ilə bağlı çoxlu şikayətlər daxil olur. Amma hələ də cinayətkar dəstə aşkarlana bilməyib. Quldurların məkan olaraq özlərinə şadlıq saraylarını, qurban olaraq isə toydan çıxan xanımları seçmlərinin səbəbi isə rahat yolla böyük qazancdır. Belə ki, Azərbaycanda qadınlar nə qədər qızıl-zinət əşyaları varsa hamısını boyunlarına taxıb, toya gedirlər. Bunu da yaxşı bilən quldurlar bu yoldan istifadə edirlər.
Hələlik quldur dəstəsinin üzvləri tutulmayıb. Onlardan qorunmaq üçün isə avtomobil sahiblərinə maşınlarında qiymətli, oğruların diqqətini çəkəcək heç bir əşya qoymamaları, toydan çıxan xanımların isə evlərinə tək getməmələri məsləhət görülür.
Quldur dəstəsinin zərərsizləşdirilməsi istiqamətində aparılan işlərlə bağlı DİN ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir fayda vermədi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?